Parlamentin komitə iclasında 2027-ci ilin büdcə zərfinə daxil olan sənədlər ikinci oxunuşda müzakirə olunub


Parlamentin komitə iclasında 2027-ci ilin büdcə zərfinə daxil olan sənədlər ikinci oxunuşda müzakirə olunub -Foto Tarix: 20-11-2026 | Saat: 17:43 Bölmə:Siyasət / Parlament | çapa göndər
Noyabrın 20-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib. İclasda 2027-ci ilin büdcə zərfinə daxil olan 6 qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.Əvvəlcə iclasda “Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsinə baxılıb.Komitənin sədri Musa Quliyev bildirib ki, 2027-ci il üzrə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi sosial ədalət və sosial rifah prinsipləri rəhbər tutularaq tərtib edilib. Fondun növbəti il üçün gəlirləri 9 milyard 221 milyon manat, xərcləri isə 9 milyard 273 milyon manat proqnozlaşdırılır.
Sənədə əsasən, əmək pensiyalarının orta aylıq məbləğinin 2027-ci ildə 640 manat olacağı gözlənilir. Həmçinin, növbəti ildə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə, 3 yaşına çatanadək uşaqlara qulluğa görə və dəfn üçün müavinətlərin maliyyələşdirilməsinə müvafiq ayırmalar nəzərdə tutulub.
Sonra Musa Quliyev “İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsi barədə məlumat verib.
Diqqətə çatdırılıb ki, 2027-ci ildə İşsizlikdən Sığorta Fondunun (İSF) gəlirləri 269 milyon manat, fondun əvvəlki illərdə istifadə olunmamış vəsaitindən 2027-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən vəsaitin həcmi isə 50 milyon manat nəzərdə tutulub. Gələn ildə işsizlikdən sığorta haqları üzrə yığımların 267 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır. 2027-ci ildə İSF-in xərcləri isə 319 milyon manat həcmində proqnozlaşdırılır. Fondun xərclərinin 36 milyon manatı işsizliyə görə sığorta ödənişlərinə, 113 milyon manatı özünüməşğulluq tədbirlərinin maliyyələşməsinə yönəldiləcək. Gələn il 14500 nəfərin özünüməşğulluq proqramına cəlb olunacağı nəzərdə tutulur.
Tədbirdə “Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi ilə bağlı qeyd edilib ki, növbəti il üçün yaşayış minimumu ölkə üzrə 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün 274 manat məbləğində müəyyən edilib.“Azərbaycan Respublikasında 2027-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsinə dair isə bildirilib ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2027-ci il üçün ehtiyac meyarının həddi 314 manat məbləğində nəzərdə tutulub.Sonra onlayn iclasda Əmək Məcəlləsində, Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində, Mülki Məcəllədə, Seçki Məcəlləsində, Rəqabət Məcəlləsində, “Hərbi qulluqçuların statusu haqqında”, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Sosial sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Yaşayış minimumu haqqında”, “Sosial müavinətlər haqqında”, “Təhsil haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Ümumi təhsil haqqında”, “Siyasi partiyalar haqqında”, “Diplomatik xidmət haqqında” və “Xüsusi icra məmurları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi təqdim edilib.Komitə sədri diqqətə çatdırıb ki, sənəddə əmək münasibətlərinin təkmilləşdirilməsi, əməkhaqqı sisteminin çevikliyinin artırılması və işçilər üçün minimum əməkhaqqı təminatlarının gücləndirilməsi məqsədilə minimum saatlıq əməkhaqqı ilə bağlı yeni normalar təsbit edilir. Bununla yanaşı, layihəyə əsasən, işçilərə ödənilən əməkhaqqı və digər ödənişlərin elektron ödəniş sistemi vasitəsi ilə işçinin seçimi əsasında müəyyən olunan bank hesabına köçürülməsi nəzərdə tutulur. Dəyişikliklərdə həmçinin uşağa qulluğa görə müavinətin təyin edilməsi üçün ən azı 6 ay sosial sığorta stajı tələbi müəyyən edilir. Bununla bağlı sənəddə bir sıra uyğunlaşdırma xarakterli düzəlişlər öz əksini tapıb. Layihədə, habelə əmək məzuniyyətinin və ya onun bir hissəsinin başqa vaxta keçirilməsi halları dəqiq təsbit olunur.Daha sonra tədbirdə Mülki Prosessual Məcəllədə, Miqrasiya Məcəlləsində, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə, “Pasportlar haqqında”, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Yol hərəkəti haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi nəzərdən keçirilib.Bildirilib ki, layihəyə əsasən, "Dövlət rüsumu haqqında" qanundan başqa digər normativ hüquqi aktlarda dövlət rüsumundan azadolma və güzəştlərlə bağlı müddəaların aradan qaldırılması təklif olunur. Bununla yanaşı, sənəddə düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılmasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemi vasitəsilə həyata keçirilməsi ilə bağlı müvafiq dəyişikliklər nəzərdə tutulur. Habelə baytarlıq şəhadətnaməsinə görə təsbit olunan dövlət rüsumunun ləğv edilməsi, baytarlıq pasportunun verilməsi üçün dövlət rüsumunun məbləği müəyyən edilir. İclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev təqdim olunan məsələlər barədə fikirlərini açıqlayıb. O, müasir dövrdə məşğulluq imkanlarının genişləndirilməsindən və vətəndaşların əmək və sosial təminat hüquqlarının daha etibarlı qorunmasının vacibliyindən danışıb. Bildirib ki, layihələrdə təklif olunan dəyişikliklərin əsas məqsədi işçilərin əməyinin dəyərinin və sosial müdafiəsinin dayanıqlığının qorunması, Azərbaycanın beynəlxalq öhdəliklərinin yerinə yetirilməsinin təmin edilməsi, beynəlxalq reytinqlərdə ölkəmizin öz mövqeyini gücləndirilməsidir.Təqdim olunan sənədlər ətrafında aparılan müzakirələrdə komitənin üzvləri Soltan Məmmədov, Göydəniz Qəhrəmanov, Ziyad Səmədzadə, Jalə Əliyeva çıxış edərək öz qeyd və təkliflərini səsləndiriblər. Deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirilib.Onlayn iclasda müzakirə olunan 6 qanun layihəsinin hər biri ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.Tədbirdə komitənin üzvləri Bədəl Bədəlov, Əziz Ələkbərov, Sevinc Hüseynova, Səttar Möhbalıyev, Nigar Məmmədova, Parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev, aidiyyəti qurumların nümayəndələri və digər rəsmi şəxslər iştirak
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Xəbəri paylaş
Digər xəbərlər
Dərc vaxtına görə
