Papanın Perudakı mərasimində qalmaqal: Araşdırma başlanıldı


Peru Xarici İşlər Nazirliyi Roma Papası XIV Leonun paytaxt Limada keçirdiyi dini mərasim zamanı yaranan ciddi texniki problemlərlə bağlı araşdırmalara başlayıb.
Xitab24.az EFE agentliyinə istinadən xəbər verir ki, noyabrın 16-da Las-Palmas hərbi hava bazasında təşkil olunan mərasimdə səs avadanlıqları və böyük ekranlar düzgün işləməyib.
Bir milyondan çox insanın iştirakı üçün nəzərdə tutulan tədbirdə yaranan nasazlıqlar minlərlə insanın narazılığına səbəb olub.
Məlumata görə, mərasim başlayan kimi ərazidə quraşdırılmış ekranların bir hissəsi fəaliyyət göstərməyib, iştirakçılar isə Papanın çıxışını eşitməkdə çətinlik çəkiblər.
Bəzi insanlar texniki problemlər və güclü istilər səbəbindən mərasim başa çatmamış ərazini tərk ediblər.
Peru Xarici İşlər Nazirliyi səs və görüntü sistemlərinin quraşdırılmasına cavabdeh şirkətlərin fəaliyyətinin araşdırıldığını açıqlayıb.
Yerli medianın məlumatına görə, texniki xidmətlərə ümumilikdə 11 milyon Peru solu, təxminən 3,2 milyon ABŞ dolları xərclənib.
Nazirlik araşdırma nəticəsində müqavilə öhdəliklərinin pozulması müəyyən edilərsə, məsul şirkətlərə qarşı müvafiq tədbirlərin görüləcəyini bildirib.
Papa XIV Leonun Perudakı altı günlük səfəri məhz bu mərasimlə başa çatıb.
