Ortaq türkoloji irs işığında: Bakıda Azərbaycan-özbək dil əlaqələrinə yeni baxış


Bakı, 19 noyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) “Azərbaycan-özbək dili əlaqələri: tarixi və müasir müstəvidə” mövzusunda tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə rektor Kamal Abdulla Azərbaycan və Özbəkistan arasında tarixən formalaşmış dostluq və qardaşlıq münasibətlərinin elmi, mədəni və ədəbi əlaqələrin inkişafındakı rolundan danışıb. O, iki xalqın ortaq tarixi köklərə, zəngin mədəni irsə və yaxın dil ənənələrinə malik olduğunu vurğulayaraq, bu əlaqələrin müasir dövrdə daha da genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Rektor Özbəkistanın Cahan Dillər Universiteti ilə ADU arasında əməkdaşlıq əlaqələrinə də toxunub. İki ali təhsil müəssisəsi arasında elmi və akademik tərəfdaşlığın genişləndirilməsinin, birgə layihələrin həyata keçirilməsinin, müəllim və tələbə mübadiləsinin əhəmiyyətini qeyd edib.
Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov çıxışında iki ölkə arasında tarixi dostluq və qardaşlıq münasibətlərindən, siyasi, iqtisadi, elmi və mədəni sahələrdə əməkdaşlığın inkişafından bəhs edib. O, xalqlarımızı birləşdirən ortaq tarixi köklərin, dil və mədəniyyət yaxınlığının ikitərəfli münasibətlərin möhkəmlənməsində mühüm rol oynadığını bildirib.
Tədbirdə ADU-da fəaliyyət göstərən Özbək dili və mədəniyyəti mərkəzinin iki xalq arasında dil, ədəbiyyat və mədəniyyət əlaqələrinin inkişafına, özbək dilinin və zəngin mədəni irsinin universitet tələbələri arasında təbliğinə verdiyi töhfə də vurğulanıb. Mərkəzin təşkil etdiyi elmi və mədəni tədbirlərin qarşılıqlı tanışlığın və əməkdaşlığın genişlənməsinə xidmət etdiyi qeyd olunub.
Milli Məclisin deputatı, Azərbaycan-Özbəkistan dostluq cəmiyyətinin sədri professor Eldar İbrahim iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəm tarixi əsaslara söykəndiyini bildirib. O, siyasi, iqtisadi, elmi və mədəni sahələrdə əməkdaşlığın inkişafında ziyalıların, alimlərin və təhsil müəssisələrinin roluna toxunub, ortaq tarixi-mədəni irsin öyrənilərək gələcək nəsillərə çatdırılmasının vacibliyini diqqətə çatdırıb.
2012–2026-cı illərdə Azərbaycanın Özbəkistandakı səfiri olmuş Hüseyn Quliyev iki ölkə arasında tarixi dostluq və qardaşlıq münasibətlərinin inkişafında dil və mədəniyyət amilinin xüsusi yer tutduğunu, diplomatik əlaqələrin möhkəmlənməsi və humanitar əməkdaşlığın genişlənməsində bu cür görüşlərin əhəmiyyətini vurğulayıb.
Sonra ADU-nun Dünya dilləri kafedrasının dosenti Turanə Şükürlü, Şərq ölkələri üzrə Regionşünaslıq kafedrasının əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Turanə Quluzadə, Özbək dili mərkəzinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Zərnigar Kobilova və Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi Elnarə Yəhyayeva məruzələrlə çıxış ediblər.
Məruzələrdə Azərbaycan və özbək dillərinin tarixi inkişafı, fonetik, leksik və qrammatik xüsusiyyətləri, dillər arasındakı oxşar və fərqli cəhətlər, eləcə də Azərbaycan-Özbəkistan ədəbi və mədəni əlaqələrinin müxtəlif aspektləri təhlil olunub. Ortaq türkoloji irsin öyrənilməsinin, dilçilik sahəsində elmi tədqiqatların genişləndirilməsinin və iki ölkə arasında akademik əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Tədbirdə tələbələr özbək dilində şeirlər səsləndiriblər.
1 mənbə
