"Orta Dəhliz Azərbaycan və Vyetnam arasında iqtisadi əlaqələri genişləndirə bilər"


"Azərbaycan və Vyetnam arasında münasibətlər uzunmüddətli tarixi dostluq və qarşılıqlı etimad ənənələrinə əsaslanır. Bu əlaqələrin əsası hələ ötən əsrin ortalarında qoyulsa da, 1992-ci il sentyabrın 23-də diplomatik münasibətlərin qurulması ilə ikitərəfli əməkdaşlıq müstəqil dövlətlərarası münasibətlər müstəvisinə keçib. Sonrakı illərdə yüksəksəviyyəli qarşılıqlı səfərlər, siyasi dialoq, iqtisadi və humanitar əlaqələr bu münasibətlərin davamlı inkişafına xidmət edib. Xüsusilə 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri zamanı Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ikitərəfli münasibətlərdə keyfiyyətcə yeni mərhələnin əsasını qoyub".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri isə məhz bu siyasi çərçivənin konkret əməkdaşlıq mexanizmləri və praktiki layihələrlə zənginləşdirilməsi baxımından əhəmiyyət daşıyır. Səfər iki ölkənin mövcud potensialını daha səmərəli uzlaşdırmaq, ənənəvi əməkdaşlıq sahələrini genişləndirmək və yeni istiqamətlər üzrə tərəfdaşlıq imkanlarını müəyyənləşdirmək üçün əlavə imkanlar yarada bilər. Bu baxımdan, dövlət başçısının Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə səfərin siyasi məzmununu və gələcək əməkdaşlığın prioritetlərini anlamaq baxımından xüsusi əhəmiyyət kəsb edir:
"Müsahibə Azərbaycan-Vyetnam münasibətlərinin mahiyyətini, tarixi əsaslarını və gələcək inkişaf istiqamətlərini əhatə edən mühüm siyasi mesajlarla zəngindir. Müsahibənin diqqətçəkən cəhəti ondan ibarətdir ki, burada iki ölkə arasındakı münasibətlər təkcə diplomatik əlaqələr və iqtisadi maraqlar kontekstində deyil, həm də onilliklər ərzində formalaşmış dostluq, qarşılıqlı hörmət və siyasi etimad müstəvisində təqdim olunur. Prezidentin vurğuladığı kimi, bu münasibətlərin təməli hələ 1959-cu ildə Ho Şi Minin Bakıya səfəri ilə qoyulub. 1983-cü ildə Heydər Əliyevin Vyetnama səfəri isə əməkdaşlığın inkişafında xüsusi mərhələ təşkil edib. Bu tarixi irs bugünkü strateji tərəfdaşlığın siyasi və mənəvi dayağıdır.
Müsahibədə əsas diqqət çəkən məqamlardan biri 2025-ci ilin mayında To Lamın Azərbaycana dövlət səfəri zamanı Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanmasının xüsusi vurğulanmasıdır.
Məlumdur ki, bu sənəd iki ölkənin münasibətlərinə yeni siyasi məzmun gətirməklə yanaşı, əməkdaşlığın uzunmüddətli prioritetlərini də müəyyənləşdirib. Hökumətlərarası komissiyaların, parlamentlərarası dostluq qruplarının və hakim partiyaların əlaqələrinin inkişafı göstərir ki, Bakı ilə Hanoy arasında dialoq müxtəlif institusional səviyyələrdə davam etdirilir. BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində qarşılıqlı təmaslar isə tərəfdaşlığın beynəlxalq siyasi müstəvidə də əhəmiyyətini artırır.
Müsahibənin iqtisadi hissəsi xüsusilə diqqətəlayiqdir. 2025-ci ildə ticarət dövriyyəsinin 150 milyon dolları ötməsi müsbət göstərici olsa da, Prezident bu rəqəmin mövcud potensialı tam əks etdirmədiyini açıq şəkildə qeyd edir. Bu yanaşma Azərbaycanın Vyetnamla iqtisadi münasibətlərə daha geniş perspektivdən baxdığını göstərir. Xüsusilə SOCAR və PetroVietnam arasında 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu enerji sektorunda əməkdaşlığın yeni mərhələyə keçməsi üçün zəmin yaradır. Neft-qaz yataqlarının kəşfiyyatı, texniki xidmətlər və mütəxəssis hazırlığı kimi istiqamətlər hər iki ölkənin təcrübə və imkanlarının birləşdirilməsinə şərait yarada bilər.
Digər mühüm istiqamət investisiya və nəqliyyat-logistika əməkdaşlığıdır. Vyetnamın ROX Group şirkətinin Azərbaycanda tikinti, infrastruktur və bərpaolunan enerji layihələrinə maraq göstərməsi vyetnamlı investorların ölkəmizə baxışının dəyişdiyini göstərir. Eyni zamanda, 2026-cı ilin ilk doqquz ayında Vyetnamla əlaqəli tranzit daşımalarının əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə altı dəfə artaraq 8 min tonu keçməsi Azərbaycanın Orta Dəhliz və Şimal-Cənub marşrutları üzrə imkanlarının genişliyini nümayiş etdirir. Bu istiqamətdə əməkdaşlığın inkişafı Vyetnamın Avropa bazarlarına çıxışını asanlaşdıra, Azərbaycanın isə Asiya ilə iqtisadi əlaqələrini gücləndirə bilər.
Müsahibənin xüsusi əhəmiyyət daşıyan digər tərəfi humanitar və mədəni münasibətlərə geniş yer ayrılmasıdır. Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi təhsil və infrastruktur layihələri, Leyla Əliyevanın 2025-ci ildə bu ölkəyə səfəri, universitetlərarası əməkdaşlıq və tələbə mübadiləsi xalqlar arasında yaxınlığın möhkəmləndirilməsinə xidmət edir. Təxminən 5 min vyetnamlının sovet dövründə Azərbaycanda təhsil alması isə bu əlaqələrin nə qədər dərin tarixi köklərə malik olduğunu göstərir. Qara Qarayevin yaradıcılığından Əjdər İbrahimovun Vyetnam kinosunun inkişafına verdiyi töhfələrə qədər uzanan mədəni əlaqələr də bu dostluğun özünəməxsus tərəfidir.
Ümumilikdə isə Prezident İlham Əliyevin müsahibəsi Azərbaycan-Vyetnam münasibətlərinin gələcək inkişafı ilə bağlı aydın siyasi və iqtisadi baxış ortaya qoyur. Burada əsas mesaj ondan ibarətdir ki, tarixi dostluq müasir dövrün tələblərinə uyğun olaraq daha geniş əməkdaşlıq platformasına çevrilməlidir. Azərbaycanın enerji və tranzit imkanları ilə Vyetnamın sənaye, istehsal və ticarət potensialının uzlaşdırılması hər iki tərəfə ciddi iqtisadi dividendlər qazandıra bilər. Əsas vəzifə əldə olunmuş siyasi razılaşmaları real investisiyalara, birgə müəssisələrə və uzunmüddətli layihələrə çevirməkdir. Prezidentin müsahibəsi də məhz bu baxımdan Bakı ilə Hanoy arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunun mühüm göstəricisidir".
1 mənbə
