NYT: Tramp Vensin İranla münaqişə barədə açıqlamalarından narazıdır


ABŞ prezidenti Donald Tramp vitse-prezident Cey Di Vensin İranla münaqişənin aralıq seçkilərində respublikaçıların məğlubiyyətinə səbəb olması barədə açıqlamalarını getdikcə daha çox tənqid edir.
Ordu.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Daha əvvəl Vens “X” sosial şəbəkəsində İran əleyhinə əməliyyatın Konqres seçkilərində respublikaçıların məğlubiyyətinə səbəb olan əsas amillərdən biri olduğunu yazmışdı. Tramp isə öz növbəsində vitse-prezidentin ifadələrinin onların münasibətlərinə heç bir təsir göstərmədiyini bildirmişdi.
“Əvvəlcə belə görünürdü ki, prezident Tramp vitse-prezident Cey Di Vensin seçkilərin nəticələri ilə bağlı təhlilindən heç də qəzəblənməyib. Lakin son iki həftə ərzində Tramp vitse-prezidentin baş verənləri necə təqdim etməsindən getdikcə daha çox narazılıq ifadə edir”, - deyə qəzet yazıb.
Mənbələrin sözlərinə görə, Tramp Vensin İranla müharibəyə başlamaq qərarının əsaslı olduğunu vurğulamamasından narazıdır.
Qəzet qeyd edir: “Tramp şəxsi söhbətlərində dövlət katibi Marko Rubionu tərifləməyə davam edir və onun güclü prezidentliyə namizəd ola biləcəyini bildirir”.
ABŞ-də növbəti prezident seçkiləri 2028-ci il noyabrın 7-də keçiriləcək. Respublikaçıların mümkün namizədləri arasında ən çox vitse-prezident Cey Di Vensin və dövlət katibi Marko Rubionun adları çəkilir. Demokratların mümkün namizədləri sırasında isə qubernatorlar Qevin Nyusom və Coş Şapiro yer alır.
Sevinc Əliyeva Ordu.az
