“Nvidia”nın startaplara investisiyaları 65 milyard dolları ötüb


ABŞ-nin çip istehsalçısı “Nvidia”nın özəl şirkətlərdəki səhm paylarının dəyəri sürətlə artaraq 65,5 milyard dollara çatıb. Yanvar ayında bu göstərici 22 milyard dollar təşkil edirdi. Lakin Censen Huanqın rəhbərlikdən ayrılması şirkətin gələcək investisiya strategiyası ilə bağlı suallar yaradıb.
Plat.az şirkətin açıqladığı maliyyə hesabatına əsasən xəbər verir ki, “Nvidia” təkcə son rübdə səhm investisiyalarına 16 milyard dollar, maliyyə ilinin ilk doqquz ayında isə ümumilikdə 58 milyard dollar yönəldib.
Bu məbləğə həm açıq, həm də özəl şirkətlərin səhmlərinin alınması daxildir.
Müqayisə üçün, 2025-ci ilin noyabrında şirkət maliyyə ilinin ilk doqquz ayında səhm alışlarına cəmi 5 milyard dollar xərclədiyini açıqlamışdı.
“PitchBook”un məlumatına görə, “Nvidia” son üç ilə yaxın müddətdə təxminən 350 startapa sərmayə yatırıb. Şirkətin investisiya portfelinə “OpenAI”, “Anthropic”, “Thinking Machines”, “Reflection”, “Lambda”, “Nscale” və “Crusoe” kimi süni intellekt və bulud infrastrukturu sahəsində fəaliyyət göstərən şirkətlər daxildir.
“Nvidia” məlumat mərkəzlərinin tikintisinin maliyyələşdirilməsində də mühüm rol oynayır. Şirkətin verdiyi maliyyə zəmanətlərinin ümumi həcmi 118 milyard dollara çatıb. Bunun 105 milyard dolları “OpenAI”ın ABŞ-nin Ohayo ştatında həyata keçirdiyi 500 milyard dollarlıq məlumat mərkəzi layihəsinə ayrılan maliyyə təminatının payına düşür.
Bununla belə, Censen Huanqın rəhbərlikdən ayrılmasından sonra investisiyaların əvvəlki sürətlə davam edəcəyi qeyri-müəyyəndir.
İnvestorlar hesab edirlər ki, şirkətin müvəqqəti baş direktoru Kress startap investisiyalarına daha ehtiyatlı yanaşacaq. Onların fikrincə, yeni sövdələşmələr daha seçici şəkildə həyata keçiriləcək, mövcud portfeldəki şirkətlərə ayrılan əlavə vəsait isə azalacaq.
Kress maliyyə nəticələrinə dair konfrans zəngində şirkətin gələcək investisiyaları və maliyyə öhdəliklərini daha ciddi qiymətləndirəcəyini bildirib.
O, həmçinin vurğulayıb ki, biz bu son rübdə və bundan sonrakı dövrdə strateji məqsədlər üçün istifadə edilən vəsait çıxıldıqdan sonra qalan bütün sərbəst pul axınını səhmdarlara qaytarmaq niyyətindəyik.
Hazırda vençur kapitalı investorları “Nvidia”nın startapların maliyyələşdirilməsində iştirakını azalda biləcəyi ehtimalını nəzərə alırlar.
Şirkətin gələcək investisiya strategiyasının necə formalaşacağı isə hələlik məlum deyil.
Valyuta.az

Publika.az+1 mənbə