Noyabrda Rusiyanın 14 neft emalı zavodu hücuma məruz qalıb, ölkənin emal gücünün yarıdan çoxu zərər görüb


Noyabr ayında Rusiyanın gündəlik ümumi emal gücü 3,3 milyon bareldən çox olan 14 neft emalı zavodu hücuma məruz qalıb.
Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri hər iki ölkənin rəsmilərinə və hücumların şəraiti ilə tanış olan şəxslərə istinadən məlumat yayıb.
“Bu obyektlərin ümumi emal gücü gündə 3,3 milyon bareldən çoxdur ki, bu da Rusiyanın ümumi neft emalı gücünün yarıdan çoxunu təşkil edir”, - deyə məqalədə bildirilir.
Noyabrın 23-də Rostov vilayətində yerləşən Novoşaxtinsk neft emalı zavodu gecə saatlarında PUA hücumundan sonra fəaliyyətini tamamilə dayandırıb.
Gündəlik 110 min barel emal gücünə malik müəssisənin emal qurğuları və saxlama çənləri zərər görüb. Bu da Rusiyanın ümumi neft emalı gücünün azalmasına səbəb olub.
Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, Xüsusi Əməliyyatlar Mərkəzi “Alfa”ya məxsus PUA-lar zavodun ikinci sahəsində bitum qurğusunu, AVT-2.5 qurğusunun kolonlarını, yenidənqızdırıcı sobanı və çən parkını vurub. Zərbələrdən sonra zavodun ərazisində yanğın başlayıb.
Bundan əvvəl Nijni Novqorod vilayətindəki “Norsi”, Yaroslavldakı “Yanos” və “Rosneft” şirkətinin Novo-Kuybışevsk neft emalı zavodlarında da neft emalı tamamilə dayandırılmışdı.
Ryazan neft emalı zavodu emal gücünün təxminən 90 faizini itirib. Omsk və Volqoqrad zavodlarının hər birində isə emal gücü təxminən yarıbayarı azalıb. Leninqrad vilayətində yerləşən “Kinef” zavodu hazırda öz gücünün üçdə biri həcmində fəaliyyət göstərir.
“Rosneft” şirkətinin Tuapse neft emalı zavodu da may ayından etibarən fəaliyyət göstərmir. “Afipski” və “İlski” zavodları isə hücumlardan sonra istehsal güclərinin təxminən yarısını itirib.
Bununla yanaşı, Rusiya xam neftin dəniz yolu ilə ixracını artırmağa başlayıb.
“Bloomberg”in məlumatına görə, noyabrın 15-dək olan dörd həftə ərzində ixrac həcmi gündəlik 3,9 milyon barelə yüksəlib. Bu, iyulun sonundan bəri qeydə alınan ən yüksək göstəricidir.
Agentlik ixracın artmasını neft emalı zavodlarına dəyən ziyanla əlaqələndirir. Bəzi zavodların xam nefti emal etmək imkanını itirməsi səbəbindən Rusiya şirkətləri xammalı xarici bazarlara yönəltməyə məcbur qalır.
Sevinc Əliyeva Ordu.az