Növbəti milçək vızıltısı

3 dəq oxu
Xəbər
19 noyabr 2026 23:37
76
Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbə qazanaraq öz ərazi bütövlüyünü, ardından Qarabağda lokal antiterror tədbirləri ilə suverenliyini bərpa etməsi dünyadakı ermənipərəst qüvvələri hələ də ciddi narahat edir. Bu baxımdan Fransanın məkrli mövqeyi xüsusi qeyd olunmalıdır. Rəsmi Paris hələ İkinci Qarabağ müharibəsi dövründə hərbi əməliyyatların dayandırılması, Azərbaycana qarşı beynəlxalq təzyiqlərin artırılması və ölkəmizin nüfuzdan salınması istiqamətində ciddi səylər göstərirdi. Hətta bu ölkə Azərbaycanı Yeni Kaledoniya və Fransanın digər dənizaşırı ərazilərində yaşayan xalqların hüquqları uğrunda apardıqları mübarizəyə müdaxilədə, müstəqillik tərəfdarlarını dəstəkləməkdə ittiham edirdi.
Fransa bu gün də məkrli siyasətini davam etdirməkdədir. Görünən odur ki, sözügedən dövlət Azərbaycana qarşı qərəzli və ikili standartlara əsaslanan siyasətindən əl çəkmək niyyətində deyil. Bu günlərdə Fransanın Avropa və Xarici İşlər Nazirliyində xarici ticarət və iqtisadi cəlbedicilik məsələləri üzrə səlahiyyətli nazir Nikola Forissyenin sayıqlaması bunu bir daha təsdiq edir. Bəri başdan qeyd edək ki, onun açıqlamalarında səsləndirilən iddialar nə tarixi faktlara, nə də beynəlxalq hüququn prinsiplərinə söykənir.
Əvvəla, xatırladaq ki, ölkəmizin beynəlxalq hüquqla tanınmış ərazi bütövlüyünü, suveren ərazisində konstitusiya quruluşunu bərpa etmək məqsədi daşıyan antiterror tədbirləri BMT Nizamnaməsinin müvafiq müddəaları da daxil olmaqla, beynəlxalq hüquqa uyğun həyata keçirilmişdir. Bunu dünyanın mötəbər qurumları da dəfələrlə etiraf ediblər. Bu tədbirləri beynəlxalq hüququn pozulması kimi təqdim etmək cəhdləri qəbuledilməzdir.
Fransalı nazirin Azərbaycana qarşı təxribatlar törətmiş şəxsləri “özbaşına həbs edilmiş” şəxslər kimi təqdim etməsinə gəldikdə, onların hər birinin sülh və bəşəriyyət əleyhinə cinayətlərdə, aqressiv müharibənin aparılmasında, terrorçuluq və digər çoxsaylı ağır cinayətlərdə təqsirli bilinməsi faktlarla sübuta yetirilib və məhkəmənin qərarı ilə azadlıqdan məhrum olunublar. Özü də bu proses Azərbaycan qanunvericiliyinə və beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə həyata keçirilib. Bu mənada müharibə cinayətlərinə görə məhkum edilmiş şəxslərin azad edilməsini tələb etmək cəhdləri hüququn aliliyi prinsipi ilə uzlaşmır.
Nazirin Azərbaycanın guya mədəni və dini irsinin dağıdılması və ya qəsdən dəyişdirilməsi ilə bağlı iddiaları da cəfəngiyyat və reallıqdan tamamilə uzaq sayıqlamalardır. İşğaldan azad edilmiş ərazilərdə mədəni irs abidələrinin qorunması və bərpası ölkəmizin prioritetləri sırasındadır. Yeri gəlmişkən, xatırladaq ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələri üzərindəki şanlı Qələbəsindən sonra işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Bu prosesdə həmin ərazilərdəki dini məbədlərimizin, o cümlədən xristian abidələrinin bərpasına da ciddi önəm verilir. Halbuki işğal dövründə universal dəyərə malik dini irs, o cümlədən İslam dininə aid abidələr qəsdən dağıdılıb və məhv edilib. Ən azı 65 məscid yerlə-yeksan olunub, qəbiristanlıqlar geniş miqyasda dağıdılıb və talan edilib. Hətta ermənilər işğal dövründə məscidlərin bəzilərindən tövlə kimi istifadə ediblər. Amma fransalı nazir bu faktların, həmçinin Ermənistandan və Azərbaycanın keçmiş işğal olunmuş ərazilərindən öz evlərindən zorla qovulmuş yüz minlərlə azərbaycanlının hüquqlarının üstündən sükutla keçir. Şübhəsiz, bu, onun ermənipərəstliyindən qaynaqlanır. Yaxşı olardı ki, Nikola Forissye erməni lobbisinin ona ötürdüyü saxta məlumatlara istinad etməsin, sadəcə, çox da uzaq olmayan tarixə yaxşı-yaxşı nəzər salsın.
Mənbə
1 mənbə



