Niderland “Patria 6x6” zirehli transportyorlarının alınması üzrə Avropa proqramına qoşulur


Niderland CAVS proqramına qoşulmaqla Finlandiya istehsalı olan XA-300, digər adı ilə “Patria 6x6” zirehli transportyorlarını əldə etməyi planlaşdırır.
Finlandiya istehsalı olan “Patria 6x6” zirehli transportyorları Avropada geniş yayılmış modellərdən biridir və hazırda Ukrayna Silahlı Qüvvələrinin də istifadəsindədir. Niderland da bu texnikanı əldə etmək məqsədilə Avropanın vahid zirehli transportyor proqramı olan CAVS-ə qoşulmaq qərarına gəlib.
Maşınların layihələndiricisi və istehsalçısı olan “Patria” şirkətinin məlumatına görə, Niderland Amsterdamda keçirilən “NIDV Exhibition Defence & Security” silah sərgisində Texniki Razılaşma imzalayıb. Bu sənədin proqramın iştirakçısı olmaq yolunda ilk addım olduğu bildirilir.
“Patria” şirkəti qeyd edib ki, Niderland XA seriyalı zirehli texnikalardan istifadə təcrübəsinə malikdir. Ölkə artıq CAVS proqramının bir neçə iştirakçısı ilə əməkdaşlıq edir və satınalmalarla bağlı birgə çərçivə sazişlərinə sahibdir.
Potensial sifarişin həcmi açıqlanmayıb. Bununla belə, proqramın ənənəvi şərtlərinə uyğun olaraq yerli sənayenin də istehsala cəlb ediləcəyi bildirilib.
Hazırda CAVS proqramına Avropanın yeddi ölkəsi, Finlandiya, Latviya, İsveç, Almaniya, Danimarka, Norveç və Böyük Britaniya qoşulub. Niderland səkkizinci iştirakçı olacaq. Litva daha əvvəl proqrama qoşulacağını elan etsə də, hələlik müvafiq saziş imzalamayıb.
Məlumata görə, “Patria 6x6” üçün mövcud sifariş portfeli seçim hüquqları ilə birlikdə 2 min zirehli transportyordan ibarətdir. İndiyədək onların təxminən 500-ü istehsal edilərək sifarişçilərə təhvil verilib.
Burada XA seriyası dedikdə, Niderlandın tələblərinə uyğun hazırlanmış “Patria Pasi” modelinin XA-188 versiyası nəzərdə tutulur. Niderland 1990-cı illərdə bu maşınlardan 90 ədəd alıb. Daha sonra onlar silahlanmadan çıxarılıb və 84 ədədi Estoniyaya satılıb. Niderland ordusunda həmin texnikaları “ARTEC Boxer” zirehli maşınları əvəz edib.
“Patria 6x6” isə XA-300 indeksinə malikdir və “Patria Pasi” modelinin davamçısı hesab olunur. Niderlandın bu maşınlardan daha ağır və bahalı “GTK Boxer” zirehli transportyorlarını tamamlayan, daha çoxsaylı texnika kimi istifadə edəcəyi ehtimal olunur. Almaniya da oxşar yanaşmadan istifadə edir.
Niderland Almaniya ilə “Boxer” zirehli maşınlarının satın alınması və istehsalı sahəsində əməkdaşlıq edir. Bu əməkdaşlığın “Patria 6x6” proqramına da genişləndirilməsi mümkündür. Finlandiya istehsalçısının təkliflərində istehsalın lokallaşdırılması və texnologiyaların ötürülməsi mühüm yer tutur.
Amsterdamın CAVS proqramına qoşulmaq istəyi ilk dəfə 2026-cı ilin sentyabrında məlum olub.
Xatırladaq ki, 2025-ci ildə Latviya tərəfindən göstərilən hərbi yardım çərçivəsində Ukrayna Silahlı Qüvvələrinə 42 ədəd “Patria 6x6” zirehli transportyoru təhvil verilib. Daha sonra bu maşınlar Ukrayna Silahlı Qüvvələrinin Üçüncü Ordu Korpusunun arsenalında da görüntülənib. Bir çox digər zirehli texnika nümunələri kimi, bu maşınlar da PUA əleyhinə müdafiə vasitələri ilə təchiz edilib.
Sevinc Əliyeva Ordu.az
1 mənbə
