Nəqliyyat dəhlizləri Azərbaycanın Avropa ilə Asiya arasında tranzit rolunu gücləndirir


"Azərbaycanın nəqliyyat və logistika sahəsində həyata keçirdiyi layihələrin ölkənin beynəlxalq iqtisadi və geosiyasi mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verir".
Bunu AZƏRTAC-a açıqlamasında türk siyasi ekspert Cafer Dal bildirib.
Onun sözlərinə görə, müasir dövrdə beynəlxalq ticarət əlaqələrinin genişlənməsi, yükdaşımaların həcminin artması və alternativ nəqliyyat marşrutlarına tələbatın yüksəlməsi tranzit ölkələrin əhəmiyyətini daha da artırır.
"Bu baxımdan Azərbaycan əlverişli coğrafi mövqeyi, inkişaf etmiş nəqliyyat infrastrukturu və həyata keçirdiyi regional əməkdaşlıq layihələri ilə Avropa və Asiya arasında mühüm bağlantı mərkəzlərindən birinə çevrilir. Orta dəhliz Azərbaycanın beynəlxalq nəqliyyat sistemində rolunun genişlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu marşrut Çin və Mərkəzi Asiya ölkələrini Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropa ilə birləşdirərək yükdaşımalar üçün alternativ imkanlar yaradır. Dəhlizin inkişafı region ölkələri arasında iqtisadi əlaqələrin dərinləşməsinə, tranzit potensialının artırılmasına və beynəlxalq ticarət dövriyyəsinin genişlənməsinə şərait yaradır. "Şərq-Qərb" nəqliyyat dəhlizi ilə yanaşı, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi də Azərbaycanın logistika imkanlarının şaxələndirilməsində mühüm rol oynayır. Bu marşrut Şimali Avropa və Rusiya ilə İran, Hindistan və digər Cənubi Asiya ölkələri arasında yükdaşımaların inkişafına xidmət edir. Azərbaycanın bu istiqamətdə infrastruktur imkanlarını genişləndirməsi ölkənin beynəlxalq logistika zəncirlərində iştirakını artırır", - deyə Cafer Dal qeyd edib.
Ekspert vurğulayıb ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Azad İqtisadi Zonası və ölkənin avtomobil yolları şəbəkəsinin inkişafı Azərbaycanın tranzit imkanlarını tamamlayan mühüm amillərdəndir: "Bu layihələrin əlaqələndirilmiş şəkildə inkişafı yükdaşımaların səmərəliliyinin artırılmasına, logistika xərclərinin optimallaşdırılmasına və beynəlxalq daşıyıcılar üçün daha əlverişli şəraitin yaradılmasına imkan verir. Nəqliyyat dəhlizlərinin inkişafı yalnız iqtisadi gəlirlərin artması ilə məhdudlaşmır. Bu proses Azərbaycanın regional əməkdaşlıqda iştirakını genişləndirir, yeni tərəfdaşlıqların formalaşmasına və ölkənin beynəlxalq iqtisadi əlaqələr sistemində mövqeyinin möhkəmlənməsinə də xidmət edir".
Cafer Dal əlavə edib ki, qarşıdakı dövrdə Orta dəhliz, "Şərq-Qərb" və "Şimal-Cənub" marşrutları üzrə infrastrukturun modernləşdirilməsi, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi və rəqəmsal logistika həllərinin tətbiqi Azərbaycanın tranzit potensialının daha da artırılmasına imkan yaradacaq. Bu isə ölkənin Avropa ilə Asiya arasında etibarlı nəqliyyat və logistika mərkəzi kimi rolunun genişlənməsinə töhfə verəcək.