NATO generalı Rusiya ilə yaxın vaxtlarda müharibə ehtimalını istisna etdi


NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı, general Aleksus Qrinkevç yaxın gələcəkdə Rusiya ilə hərbi münaqişənin başlaya biləcəyini düşünmür.
Tiraj.az xəbər verir ki, general bu barədə İtaliyanın “La Stampa” qəzetinə müsahibəsində danışıb.
Qrinkevç bildirib ki, Rusiya ilə münaqişənin qaçılmaz olduğunu və ya yaxın vaxtlarda başlaya biləcəyini düşünmək üçün əsas görmür. Onun sözlərinə görə, mümkün anlaşılmazlıqların qarşısını almaq və tərəflər arasında şəffaflığı təmin etmək üçün kommunikasiya kanallarının açıq saxlanılması vacibdir.
General Avropanın Rusiya ilə birbaşa dialoq aparmasının zəruriliyi ilə bağlı fikirlə də razılaşıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin dəfələrlə Moskvanın Avropa ölkələrinə qarşı hərbi təcavüz planının olmadığını bəyan edib. O, sentyabrın 8-də ABŞ Prezidenti Donald Trampla telefon danışığında da Rusiyanın Avropaya qarşı aqressiv niyyətlərinin olmadığını bildirib.
Putin daha əvvəl NATO-ya mümkün hücumla bağlı səsləndirilən fikirləri təxribat adlandırıb və Rusiyanın Qərb ölkələrinə hücum edəcəyi barədə xəbərdarlıqları “qorxu filmləri üzrə mütəxəssislərin” fikirləri kimi xarakterizə edib.
Arif
1 mənbə
