- Natiq Məmmədli

4 dəq oxu
Xəbər
20-11-2026 10:06
MÜSAHİBƏ
A+ Yazını böyüt
A- Yazını kiçilt
Azərbaycan Respublikası Media və Yayım Şurası tərəfindən media subyektləri və media nümayəndələri üçün keçirilən müsabiqələrin qaydalarına əhəmiyyətli yeniliklər edilib.
Şuranın Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli yeni qaydalarla bağlı sualları cavablandırıb.
- Media subyektləri üçün müsabiqənin qaydalarına edilmiş yeniliklər kifayət qədər prinsipial əhəmiyyət daşıyır. Onlayn media subyektlərinə şamil edilən yeni qaydalardan başlayaq.
- Bildiyiniz kimi, media subyektləri üçün müsabiqənin məqsədi onların inkişafına, iqtisadi müstəqilliyinin gücləndirilməsinə və fəaliyyətinin təkmilləşdirilməsinə töhfə verməkdir. Fərdi jurnalist müsabiqəsi isə jurnalistlərin peşəkarlığının artırılmasına və fərdi yaradıcılıq bacarıqlarının təkmilləşdirilməsinə şərait yaratmaq məqsədi daşıyır.
Rəqəmsallaşma informasiyanın yayılma sürətini artırmaqla yanaşı, onun məzmununa və təqdimat formasına da ciddi təsir göstərir. Sosial şəbəkə platformalarının insanların gündəlik həyatında rolu artdıqca medianın bu platformalarda fəal iştirakı daha böyük əhəmiyyət kəsb edir. Bu dəyişiklikləri nəzərə alaraq, həm jurnalistlərin peşəkarlığının artırılmasını, həm də medianın rəqəmsal mühitdə auditoriyaya çatmaq və ona təsir göstərmək imkanlarının genişləndirilməsini əsas hədəflərimiz kimi müəyyən etmişik.
Müsabiqələrdə yeni yanaşma məhz rəqəmsal transformasiyanı, sosial şəbəkələrin artan rolunu və media məzmununun daha geniş auditoriyaya çatdırılması zərurətini əsas götürərək tətbiq olunur. Konkret onlayn media subyektlərinə gəlincə, onların yekun qiymətləndirilməsi üç əsas komponent üzrə aparılacaq: ümumi balın 50 faizini ekspert qiymətləndirməsi, 25 faizini veb-saytın səhifə baxışları (“pageviews”), qalan 25 faizini isə sosial şəbəkə göstəriciləri təşkil edəcək. Artıq sosial şəbəkə aktivliyi ümumi bir üstünlük kimi deyil, ayrıca və ölçülə bilən qiymətləndirmə mexanizmi əsasında nəzərə alınacaq. Bu zaman “X”, “Instagram”, “TikTok”, “Facebook”, “Telegram” və “YouTube” olmaqla 6 platforma üzrə qiymətləndirmə aparılacaq. Həmin göstəricilərin hesablanmasında isə izləyici sayına 30 faiz, qarşılıqlı əlaqə sayına (“engagement”) 50 faiz, paylaşım əsaslı qarşılıqlı əlaqə əmsalına (“average engagement rate per post”) isə 20 faiz çəki veriləcək. Diqqət yetirdinizsə, onlayn medianın ümumi qiymətləndirməsində əsas bal məzmunu dəyərləndirən ekspert qiymətləndirməsinə verilir. Başqa sözlə desək, bizim üçün ciddi ictimai əhəmiyyət daşıyan, peşəkarlıq standartlarına cavab verən yaradıcı jurnalist əməyi prioritet olaraq qalır. Beləliklə, biz keyfiyyətli məzmun yaradan medianın rəqəmsal mühitdə fəallığını stimullaşdırmaqla bütövlükdə informasiya ekosistemində məzmunun istər kəmiyyət, istərsə də keyfiyyət baxımından çəkisinin artacağına inanırıq.
Mənbə
1 mənbə



