Münasibətlərdə yeni dövr? - Bayramovla Fidanın o söhbəti...


Türkiyənin xarici işlər naziri Hakan Fidanla azərbaycanlı həmkarı Ceyhun Bayramov arasında telefon danışığı baş tutub. Bu barədə “TRT Haber” məlumat yayıb və söhbət zamanı ikitərəfli münasibətlər, eləcə də regional məsələlər müzakirə edilib.
Ötən ay Bakı və Ankara arasında gərginlik və soyuqluqla yadda qalıb. Bu ay isə Türkiyə lideri Zəfər Günündə Qarabağa səfər edib, ardınca Azərbaycan prezidenti Antalyada keçirilən COP31 konfransında iştirak edib, lakin bundan sonra ikitərəfli əlaqələrin inkişafı ilə bağlı yeni təmaslar qeydə alınmayıb.
Noyabrın 18-də Fidanla Bayramov arasında baş tutan telefon danışığı diqqət çəkən məqamlardandır və münasibətlərin daha da yaxşılaşdırılmasına ehtiyac olduğunu göstərir. Bununla belə, bəzi müşahidəçilərin qənaətincə, mövcud çətinliklərin və fikir ayrılıqlarının tamamilə aradan qalxdığını demək hələ tezdir.
Türkiyə ilə Azərbaycan arasında münasibətlər postsovet məkanında ən yaxın strateji tərəfdaşlıq modellərindən biri hesab olunur. Bu əlaqələr təkcə tarixi, etnik və mədəni yaxınlığa deyil, həm də ortaq təhlükəsizlik maraqlarına, enerji siyasətinə, iqtisadi əməkdaşlığa və regional geosiyasi hədəflərə söykənir. Strateji müttəfiqlik, siyasi koordinasiya və qarşılıqlı dəstək münasibətlərin əsas xüsusiyyətləri olsa da, tərəfdaşlığın inkişafı müxtəlif iqtisadi, regional və beynəlxalq çağırışlarla müşayiət olunur. Siyasi əlaqələr hər iki ölkənin xarici siyasətində prioritet istiqamətlərdəndir və 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi əməkdaşlığı strateji müttəfiqlik səviyyəsinə yüksəldən əsas sənəddir.
Bəs azərbaycanlı şərhçilər bu prosesi necə qiymətləndirir və xarici işlər nazirlərinin son telefon danışığı münasibətlərin hansı mərhələdə olduğunu göstərir?
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Azər Hüseynlov qeyd edib ki, nazirlər arasında telefon danışığı gündəlik siyasi koordinasiyanın və yaranan sualların işçi səviyyədə dəqiqləşdirilməsinin göstəricisidir: “Hakan Fidanla Ceyhun Bayramov arasında baş tutan telefon danışığı müttəfiqlik münasibətlərinin işlək mexanizmlərinin fəaliyyətdə olduğunu göstərir. Son dövrlər müxtəlif platformalarda, o cümlədən yüksək səviyyəli səfərlər və beynəlxalq tədbirlər fonunda yaranan mövqelərin və gündəliyin uzlaşdırılması zərurəti var. Belə təmaslar ikitərəfli münasibətlərdəki hər hansı kəskin qırılmadan daha çox, aktual məsələlərin operativ müzakirəsi və gələcək addımların razılaşdırılması kimi qiymətləndirilməlidir”.
Onun sözlərinə görə, yüksək səviyyəli səfərlərdən sonra diplomatik kanalların aktivləşməsi münasibətlərin emosional fon deyil, praqmatik və institusional əsasda idarə olunduğunu nümayiş etdirir: “Yüksək səviyyəli təmaslardan, Zəfər Günü və COP31 kimi mühüm hadisələrdən sonra xarici siyasət idarələri rəhbərlərinin danışması tam təbii diplomatik prosesdir. Strateji tərəfdaşlıq və Şuşa Bəyannaməsinin prinsipləri elə bir çərçivə yaradır ki, orada müəyyən taktiki nüanslar və ya fərqli yanaşmalar ortaya çıxsa da, ümumi xətt dəyişməz qalır. Diplomatik əlaqələrin davamlılığı tərəflərin qarşılaşdıqları çağırışlara birgə cavab vermək və regional proseslərdə sinxron hərəkət etmək niyyətini ortaya qoyur”.
Hüseynovun sözlərinə görə, münasibətlərdə tam yeni dövrün başlanmasından danışmaq üçün həm ikitərəfli, həm də regional gündəlikdəki proseslərin yekunlarını izləmək lazımdır:
“Münasibətlərin yeni fazaya keçib-keçməməsini təkcə bir telefon danışığı ilə müəyyənləşdirmək doğru olmaz. Hazırda həm Cənubi Qafqazda, həm də daha geniş regionda gedən proseslər Bakı və Ankaradan davamlı siyasi məsləhətləşmələr tələb edir. Əgər arxada qalan dövrdə müəyyən gərginlik və ya anlaşılmazlıq məqamları müşahidə olunubsa, bu telefon danışığı həmin məsələlərin açıq müzakirəsi və münasibətlərin sağlam məcrada saxlanılması istiqamətində atılan praktik addım kimi görünür. Əsas məsələ odur ki, strateji müttəfiqlik ruhu qorunur və yaranan hər hansı sual diplomatik kanallar vasitəsilə həll olunur”.
Əli,NOCOMMENT.az