Müdirdən pul istədi vermədi, kassadakı pulu götürdü: “Back & Bond”-un satıcısı ilə bağlı qərar


Bakıda fəaliyyət göstərən geyim mağazasının kassasından 2 413 manat götürərək mənimsəyən keçmiş satıcı barəsində cinayət işinə baxılıb.
Tiraj.az xəbər verir ki, hadisə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 42 ünvanında yerləşən ticarət mərkəzində fəaliyyət göstərən “Back & Bond” adlı paltar mağazasında baş verib.
İttihama əsasən, təqsirləndirilən şəxs 2025-ci ildə mağazada satıcı vəzifəsində işləyib. Ona kassanın açarı və kassadakı pul vəsaitlərinə nəzarət etmək həvalə olunub. Əmək müqaviləsinə əsasən, o, işəgötürənə məxsus əmlakın qorunmasına da cavabdeh olub.
Lakin o, 2025-ci ildə saat 21:35 radələrində mağazanı bağladıqdan sonra kassadakı pulları sayaraq ona etibar edilmiş 2 413 manat vəsaiti götürüb və şəxsi ehtiyacları üçün istifadə edib.
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs əməlini etiraf edib. O bildirib ki, övladının xəstəliyi ilə əlaqədar xəstəxana xərclərini ödəmək üçün pula ehtiyacı olub. Bu məqsədlə müdirindən pul verməsini xahiş etsə də, lazım olan vaxtda vəsaiti ala bilmədiyindən mağazanın kassasından 2 413 manat götürüb.
Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şirkətə dəymiş ziyanı tam ödədiyini və tərəflər arasında barışıq əldə olunduğunu bildirib.
Zərərçəkmiş şirkətin nümayəndəsi də məhkəmədə təqsirləndirilən şəxsin kassadan xəbərsiz şəkildə 2 413 manat götürdüyünü təsdiqləyib. Şirkət 2026-cı ildə məhkəməyə müraciət edərək dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdıqlarını və mülki iddia tələbindən imtina etdiklərini bildirib.
Məhkəmə araşdırması zamanı mağazanın təhlükəsizlik kameralarının görüntüləri də tədqiq edilib. Görüntülərdən təqsirləndirilən şəxsin hadisə günü kassadan pul götürdüyü və saat 21:46-da mağazanı tərk etdiyi müəyyən olunub.
Məhkəmə təqsirləndirilən şəxsin əməlini sübuta yetirilmiş hesab etsə də, onun himayəsində azyaşlı övladının olmasını, dəymiş ziyanın tam ödənilməsini və zərərçəkmiş tərəflə barışmasını nəzərə alıb.
Belə ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin qərarının 1.16-cı bəndinə əsasən, himayəsində yetkinlik yaşına çatmayan övladı olan şəxslər amnistiyanın təsir dairəsinə düşürlər.
Nəticədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Afət Quliyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs amnistiya aktı tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilib və barəsindəki cinayət işi üzrə icraata xitam verilib.
Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri də ləğv edilib.
Ziya
