Misirdən husilərin mümkün hücumu ilə bağlı açıqlama


BAKI, 19 noyabr. TELEQRAF
Misir Yəməndəki husi qruplaşmasının Qırmızı dəniz sahilində yerləşən kurort şəhərlərinə hücum planlaşdırdığına dair hər hansı məlumata malik deyil.
Teleqraf xəbər verir ki, bunu Misir Senatının üzvü Nurhan əş-Şeyx Qahirədə keçirilən Rusiya-Afrika konfransı çərçivəsində bildirib.
“Husilərin davranışını proqnozlaşdırmaq mümkün deyil. Lakin hazırda onların kurort şəhərlərinə hücum edəcəyinə dair heç bir əlamət görmürük. Sahil ərazilərində hərbi obyektlər olmadığından belə hücum ehtimalını aşağı qiymətləndiririk”, – senator qeyd edib.
O vurğulayıb ki, kurort şəhərlərinə hücum olacağı təqdirdə Misir öz ərazilərini və suverenliyini qorumaq üçün bütün zəruri tədbirləri görəcək.
Qeyd edək ki, Misirin Səudiyyə Ərəbistanına hərbi yardım göstərmək qərarından sonra husilərin Qırmızı dəniz sahilindəki Misir şəhərlərini hədəfə ala biləcəyi barədə məlumat yayılmışdı.
