Milli İncəsənət Muzeyində gənc vokalistlərin konserti təqdim olunub


Bakı, 19 noyabr, AZƏRTAC
Mədəniyyət Nazirliyi, Dövlət Akademik Opera və Balet Teatrı və Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə “Gənc vokalistlərin konserti” adlı musiqi proqramı təqdim olunub. Tədbir Azərbaycan Milli İncəsənət Muzeyində keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Opera və Balet Teatrının direktor müavini, teatrın solisti, Əməkdar artist Ramil Qasımov gənc vokal ifaçılarının yetişdirilməsinin və onların yaradıcılıq potensialının dəstəklənməsinin Azərbaycan musiqi mədəniyyətinin gələcəyi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, gənc sənətçilərə yaradılan imkanların onların peşəkar inkişafına, səhnə təcrübəsi qazanmasına və milli musiqi sənətinin təbliğinə töhfə verdiyini qeyd edib.
Tədbirdə konsertmeysterlər- Məryəm Məmmədova və Tofiq Şıxıyevin müşayiəti ilə gənc vokal ifaçıları Məhəmməd Şəmmədov, Günel Hacıyeva, Aynel Mehdiyeva, Emil İsmayılov, Rəşad Həsənzadə, Gülzar Hüseynova, Rəhman Əzizli, Nigar Cəfərova, Məleykə İsrəfilova, Zümrüd Davudova, Şəms Qəhrəmanova, Ruslan Persan və Elçin Əhədzadə çıxış ediblər.
Proqram çərçivəsində Q. Donizetti, F. Əmirov, R. Leonkavallo, P. İ. Çaykovski, Ü. Hacıbəyli, C. Rossini, M. Maqomayev, C. Puççini, C. Verdi və Ş. Quno kimi bəstəkarların opera və operettalarından ariyalar, romanslar və duetlər səsləndirilib. İfaçılar fərqli xarakterli musiqi nümunələri ilə öz vokal imkanlarını və səhnə bacarıqlarını nümayiş etdiriblər.
Konsertin sonunda C. Verdinin “Traviata” operasından “Libiamo ne’ lieti calici” əsəri bütün iştirakçıların birgə ifasında təqdim olunub.
Tədbir gənc vokal ifaçılarının yaradıcılıq potensialının nümayişi, klassik musiqi irsinin təbliği və opera sənətinə marağın artırılması baxımından əhəmiyyət daşıyıb.
