Microsoft-un qlobal nasazlığının üç əsas səbəbi açıqlanıb


“Microsoft” şirkəti ötən həftə “Outlook”, “Exchange”, “Teams” və digər “Office 365” xidmətlərinin təxminən 24 saat ərzində fəaliyyətini dayandırmasına səbəb olan amilləri açıqlayıb.
Şirkətin bazar ertəsi yayımladığı ilkin hesabatda qlobal nasazlığın üç əsas səbəbi göstərilib: aylar əvvəl yaranmış proqram xətası, daxili şəbəkə bağlantılarındakı nasazlıq və server tutumunun azalması.
“Microsoft” rəhbərlərinin sözlərinə görə, bu amillərin hər biri ayrı-ayrılıqda asanlıqla aradan qaldırıla bilərdi. Lakin onların eyni vaxtda baş verməsi genişmiqyaslı fasiləyə səbəb olub.
Nasazlıq ötən həftənin cümə axşamı ABŞ-də istifadəçilərin “Outlook” elektron poçt xidmətinə daxil olmaqda çətinlik çəkməsi ilə başlayıb. Problem ertəsi gün də davam edib və nəticədə dünya üzrə milyonlarla istifadəçi elektron poçt və digər ofis xidmətlərinə çıxışını itirib.
Şirkət oxşar halların təkrarlanmaması üçün texniki tədbirlərin görüldüyünü bildirib.