Məşhur oyun 3 milyard dollar qazana bilər - Alim Qasımov da layihədə yer alıb


Dünyanın ən çox gözlənilən videooyunlarından biri olan “Grand Theft Auto VI” (GTA VI) təkcə oyun sənayesi deyil, musiqi dünyası üçün də diqqətçəkən hadisəyə çevrilib. Belə ki, oyunda Xalq artisti Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımovanın Nelli Furtadonun “Say It Right” mahnısına muğam üslubunda verdikləri ifa oyundakı “Kaleidoscope FM” radiostansiyasının pleylistinə daxil edilib.
Bloomberg xəbər verir ki, analitiklərin proqnozlarına istinadən yaydığı məlumata görə, GTA VI satışa çıxdıqdan sonrakı ilk 4 ay ərzində 3 milyard dollardan çox gəlir əldə edə bilər. Proqnozlarda oyunun ilk il ərzində 40 milyon nüsxə satılması ehtimalı da qeyd olunur. Oyunun təsiri artıq iş həyatında da hiss olunur. ABŞ-da GTA VI-nın noyabrın 19-da satışa çıxması ilə əlaqədar işçilərin məzuniyyət və istirahət günü müraciətlərində artım qeydə alınıb.
İşçi qüvvəsinin idarə olunması üzrə xidmətlər göstərən UKG şirkətinin məlumatına əsasən, oyunun təqdim olunduğu gün üçün istirahət günü müraciətləri adi göstəricidən 20 faiz, növbəti gün üçün isə 9 faiz çox olub. Şirkətin məlumatları GTA VI-nın satışa çıxmasının əmək bazarında da diqqətçəkən təsir yaratdığını göstərir.
Oyunun təqdimatı zamanı DE-CIX internet trafik mübadiləsi şəbəkəsində məlumat ötürülməsinin sürəti rekord həddə – saniyədə 33,03 terabitə çatıb. Eyni zamanda, oyunun canlı yayımlarını təxminən 8 milyon nəfərin izlədiyi bildirilir.
“Variety” nəşrinin məlumatına görə, rekord noyabrın 18-də Kiyev vaxtı ilə saat 21:20-də qeydə alınıb. Ən böyük trafik Frankfurt qovşağının payına düşüb – saniyədə 22,15 terabit. Nyu-Yorkda bu göstərici 2,44 terabit, Dubayda isə 1,25 terabit təşkil edib.
Qeyd edək ki, DE-CIX şəbəkəsində əvvəlki rekord da GTA VI ilə bağlı olub. Noyabrın 10-da oyunun əvvəlcədən yüklənməsi zamanı trafik saniyədə 33,01 terabitə çatmışdı.
Beləliklə, GTA VI həm gözlənilən milyardlarla dollarlıq gəliri, həm internet trafikində yaratdığı rekord, həm də musiqi siyahısında Azərbaycan muğamına yer verməsi ilə qlobal diqqət mərkəzinə çevrilib. Oyunun radio pleylistində Alim Qasımov və Fərqanə Qasımovanın ifasının yer alması isə bu böyük beynəlxalq layihədə Azərbaycan musiqisinin də səslənməsi deməkdir./trend
Dərc vaxtına görə