Mərkəzi Bank "Hermes" BOKT-a lisenziya verdi


Azərbaycan Mərkəzi Bankı (AMB) “HERMES Bank Olmayan Kredit Təşkilatı” MMC-yə kreditlərin verilməsi üçün lisenziya təqdim edib.
ENA.az xəbər verir ki, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə təşkilata “Bank olmayan kredit təşkilatları haqqında” Qanuna uyğun olaraq kreditlərin verilməsi, habelə qanunvericilikdə nəzərdə tutulan digər fəaliyyət növləri ilə məşğul olmaq hüququ verilib.
Yeni kredit təşkilatının nizamnamə kapitalı 1 milyon manatdır. 19 iyun 2026-cı ildə qeydiyyata alınmış “HERMES BOKT” MMC-yə 12 noyabr 2026-cı ildə BKT-52 nömrəli lisenziya verilib. Təşkilatın Müşahidə Şurasının sədri Emil Rzayev, üzvləri Kamran Quliyev və Vüqar Məmmədovdur. Audit komitəsinə Kamran Quliyev sədrlik edir, komitənin üzvləri isə Baxış Məlikov və Vüqar Məmmədovdur. BOKT-un direktoru Həmid Mirzəyev, baş mühasibi Sədaqət Bünyatova, daxili auditoru isə Elmin Xankişiyevdir.
“Hermes” BOKT-un 100%-lik təsisçisi Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan “Hermes Finance” ASC-dir. Yeni kredit təşkilatının yaradılması barədə qərar ana şirkətin səhmdarlarının 9 iyun 2026-cı ildə keçirilmiş ümumi yığıncağında qəbul edilib.
2018-ci ildə yaradılan “Hermes Finance” maliyyə lizinqi, avtomobillərin icarəsi və satışı sahələrində fəaliyyət göstərir. Şirkət həmçinin “Caspian Auto Import” ASC-nin səhmlərinin 66,67%-nə, “Level Leasing” ASC-nin isə 38%-nə sahibdir.
Ana şirkətin aktivləri 20,7 milyon manatı ötüb
“Hermes Finance” ASC-nin 2026-cı ilin birinci yarısı üzrə maliyyə hesabatına əsasən, şirkət 509,8 min manat xalis mənfəət əldə edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 40,3% artım deməkdir.
İyunun sonuna şirkətin aktivləri illik müqayisədə 19% artaraq 20,74 milyon manata, kapitalı isə 69,7% artaraq 1,56 milyon manata çatıb. Öhdəliklər 16,2% artaraq 19,18 milyon manat təşkil edib.
“Hermes Finance”in səhmdarları Nuranə Mehrəliyeva-Rzayeva (45%), Kamran Quliyev (45%) və Həmid Mirzəyevdir (10%).
Mərkəzi Bankın son açıqlanmış statistik məlumatlarına əsasən, 1 oktyabr 2026-cı il tarixinə Azərbaycanda 51 BOKT fəaliyyət göstərib. Bu tarixdən sonra digər lisenziya dəyişiklikləri olmadığı halda, “Hermes”ə lisenziyanın verilməsi ilə onların sayı 52-yə yüksəlir.
Dərc vaxtına görə