Meloni Zelenskiyə etiraz etdi: İtaliya Ukraynaya hərbi yardımı dayandıra bilər


İtaliyanın Baş naziri Corcia Meloni Berlində Ukrayna Prezidenti Volodimir Zelenski ilə şəxsi görüşü zamanı “Mirotvorets” saytının bazasına italyan siyasətçilərinin adlarının daxil edilməsinə etirazını bildirib. O, bu addımın həm Baş nazirin müavini Matteo Salvininin, həm də ümumilikdə İtaliya vətəndaşlarının münasibətdə qəbuledilməz olduğunu vurğulayıb.
KONKRET.az xəbər verir ki, diplomatik gərginliyə səbəb “Liqa” Partiyasının lideri, İtaliyanın Baş nazir müavini Matteo Salvininin adının sözügedən saytın siyahısına salınması olub.
Məsələni ictimailəşdirməzdən əvvəl Salvini narazılığını Meloniyə çatdırıb. Baş nazir isə sammit çərçivəsində keçirilən görüşdə onun etirazını Ukrayna liderinin diqqətinə çatdırıb.
Salvini Kiyevdən rəsmi üzr istənilməsini tələb edib. O, Ukrayna hakimiyyəti saytın fəaliyyətini pisləməsə və ondan məsafə saxlamasa, Ukraynaya hərbi yardımın növbəti müddətə uzadılmasına mane olacağı ilə bağlı xəbərdarlıq edib.
Noyabrın 19-da axşam saatlarında Ukraynanın Romadakı səfirliyi yaranmış gərginliyi azaltmağa çalışaraq bəyanat yayıb. Bildirilib ki, “Mirotvorets” qeyri-hökumət resursudur, dövlət qurumları sisteminə daxil deyil və Ukraynanın rəsmi mövqeyini ifadə etmək səlahiyyətinə malik deyil.
Bununla belə, müşahidəçilərin diqqətinə çatdırdığına görə, Zelenskidən hələlik rəsmi üzr açıqlaması gəlməyib və Matteo Salvininin adı saytın bazasında qalmaqdadır.
Günay Əli KONKRET.az
1 mənbə