Məhkəmə eksperti olmaq istəyənlərə yeni tələb qoyulur


13:23 Sosial
Məhkəmə eksperti olmaq istəyən şəxslərin ali təhsil ixtisasının fəaliyyət göstərəcəkləri ekspertiza sahəsinə uyğun olması tələb ediləcək. Hər bir məhkəmə eksperti ixtisası üzrə zəruri ali təhsil istiqamətləri ayrıca siyahı ilə müəyyənləşdiriləcək.
Trend-in müxbirinin xəbərinə görə, bu, "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" qanuna təklif olunan dəyişikliklərdə əksini tapıb.
Layihəyə əsasən, qanunun məhkəmə ekspertlərinə dair tələbləri müəyyən edən müddəasına dəyişiklik edilərək, ekspert olmaq istəyən şəxsin xüsusi biliklərinin müvafiq məhkəmə eksperti ixtisası üzrə olması şərti təsbit edilir.
Həmçinin hər bir məhkəmə eksperti ixtisası üzrə fəaliyyət göstərmək üçün tələb olunan ali təhsil ixtisaslarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən siyahı əsasında müəyyənləşdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, bu məsələ Prezidentin 2025-ci il 11 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiya"da da əksini tapıb.
Bundan başqa, qanunun müvafiq maddəsində "məhkəmə ekspertizası ixtisası" ifadəsinin "məhkəmə eksperti ixtisası" ilə əvəzlənməsi, bununla da terminologiyanın dəqiqləşdirilməsi təklif olunur.
Dəyişikliklərin məhkəmə ekspertlərinin fəaliyyət sahələrinə uyğun ali təhsilə malik olmasını təmin etməyə, ekspert şəhadətnamələrinin verilməsində vahid meyarların tətbiqinə və ekspert rəylərinin keyfiyyətinin artırılmasına xidmət etdiyi bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
