mazon meşələrində balıq sümüklərindən içməli su filtri hazırladılar


Braziliyada məktəblilər Amazon bölgəsində içməli su probleminin həlli üçün qeyri-adi üsul hazırlayıblar. Onlar bölgədə geniş yayılan iri piraruku balığının sümüklərindən istifadə etməklə suyu çirkləndiricilərdən təmizləyən filtr yaradıblar.
Plat.az Reuters-ə istinadən xəbər verir ki, layihə Manakapuru şəhərindəki Joze Mota məktəbinin şagirdləri və biologiya müəllimi tərəfindən hazırlanıb. Texnologiya balığın iri fəqərələrinin 900 dərəcəyədək qızdırılması və daha sonra kömürləşmiş materialın toz halına salınmasına əsaslanır. Əldə olunan material ağır metalları və digər çirkləndiriciləri özünə çəkə bilir. Bu üsul xüsusilə quraqlıq dövründə çay sularında çirkləndirici maddələrin konsentrasiyasının artdığı Amazon icmaları üçün əhəmiyyətlidir. Layihənin digər üstünlüyü ağacların kəsilməsi hesabına hazırlanan ənənəvi kömürdən istifadəyə ehtiyacı azaltmasıdır. Tədqiqatçılar balıq emalı zamanı yaranan tullantıların da faydalı məhsula çevrilməsini ekoloji baxımdan müsbət nəticə hesab edirlər.
