Magistral yollarda fosforlu boya təklifi: Ekspert alternativ həlləri açıqlayıb


Azərbaycanda magistral yollarda gecə və əlverişsiz hava şəraitində görünüşün yaxşılaşdırılması üçün tərkibində fosfor olan boyalardan istifadə edilməsi təklif olunub.
Gunxeber.Az xəbər verir ki, məsələ Milli Məclisin iclaslarından birində deputat Müşfiq Cəfərov tərəfindən gündəmə gətirilib.
Deputat bildirib ki, magistral yollarda ağırtonnajlı nəqliyyat vasitələrinə nəzarət məqsədilə tərəzilər quraşdırılsa da, bəzi yol hissələri artıq ciddi şəkildə zədələnib. Onun sözlərinə görə, xüsusilə Bakı-Qazax yolunun bir sıra hissələrində sağ və orta hərəkət zolaqlarından istifadə çətinləşib.
M.Cəfərov qeyd edib ki, gecə saatlarında, yağışlı və dumanlı havalarda yolun görünməsi daha da çətinləşir və bu vəziyyət qəza riskini artırır. Deputat magistralların tam işıqlandırılmasının böyük maliyyə tələb etdiyini nəzərə alaraq, yol nişanlanmasında işıltı yaradan fosfor tərkibli boyalardan istifadəni təklif edib.
O, həmçinin nəqliyyat axınlarını ayıran beton sədlərlə bağlı problemlərə toxunub. Bildirib ki, bəzi ərazilərdə sonradan yaradılan dönüş yerlərindəki maneələrin gecə və yağışlı hava şəraitində sürücülər tərəfindən vaxtında görünməməsi təhlükəli vəziyyət yarada bilər.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev isə hesab edir ki, yol təhlükəsizliyinin təmin edilməsində əsas məsələlərdən biri nişanlama işlərinin texnoloji tələblərə uyğun aparılmasıdır.
Ekspertin sözlərinə görə, şaquli yol nişanlarında işığı əks etdirən reflektiv elementlərdən geniş istifadə olunur. Üfüqi nişanlamalarda isə ikikomponentli boya tətbiq edilir və üzərinə şüşə tozu səpilərək işığı əks etdirmə qabiliyyəti yaradılır.
R.Ağamirzəyev bildirib ki, belə işlər görülərkən texnoloji ardıcıllığa və temperatur rejiminə əməl olunması, həmçinin şaquli və üfüqi nişanlamaların mütəmadi təmizlənməsi vacibdir.
Ekspert magistral yolların işıqlandırılmasına da diqqət çəkib. Onun sözlərinə görə, müxtəlif ölkələrdə fərqli yanaşmalar tətbiq olunur. Bəzi yerlərdə magistrallar boyunca tam işıqlandırma sistemi qurulur, digər ölkələrdə isə əsasən yaşayış məntəqələrinin girişləri, körpülər, yolötürücülər, estakadalar və digər mühüm yol infrastrukturu işıqlandırılır.
R.Ağamirzəyev yol infrastrukturunun istismarına görə məsuliyyət bölgüsünün də əhəmiyyətli olduğunu vurğulayıb. O bildirib ki, bəzi ölkələrdə yolların müəyyən müddət ərzində istismarı özəl şirkətlərə həvalə edilir. Bu şirkətlər yolun təmiz saxlanılması, nişanların vəziyyəti, zədələnmiş hissələrin bərpası və digər texniki məsələlərə cavabdehlik daşıyırlar.
Beton baryerlərə toxunan ekspert onların nəqliyyat axınlarının ayrılması baxımından effektiv olduğunu, lakin baryerlər arasında boşluqların yaradılmasının təhlükəsizlik baxımından düzgün olmadığını qeyd edib.
Onun sözlərinə görə, yolların layihələndirilməsi zamanı iqlim dəyişikliklərindən irəli gələn risklər də nəzərə alınmalıdır. Suyun yol örtüyünə nüfuz etməsi, sürtkü yağları, dizel yanacağı və avtomobillərdən axan digər mayelər asfaltın vaxtından əvvəl sıradan çıxmasına səbəb ola bilər. Normadan artıq yüklənmiş nəqliyyat vasitələri də yolların istismar müddətinə mənfi təsir göstərir.
Ekspert vurğulayıb ki, yol təhlükəsizliyi yalnız keyfiyyətli tikinti ilə məhdudlaşmamalı, çəki və qabarit nəzarəti, düzgün istismar və nişanlamaların saxlanılması kompleks şəkildə təmin edilməlidir.
R.Ağamirzəyevin sözlərinə görə, “fosforlu nişanlama” kimi tanınan texnologiyanın dünyada məhdud sayda nümunəsi mövcuddur. Bunun əvəzinə keyfiyyətli ənənəvi üfüqi nişanlama və işığı əks etdirən şaquli yol nişanlarından daha geniş istifadə edilir.
Xəbərlərimizi Google-da izləyin Yeniliklərdən dərhal xəbərdar olun
15:20
10:40
10:05
03:00
01:45
22:50
1 mənbə
