“Lockheed Martin” F-35 qırıcılarının təmir imkanlarının artırılması üçün 93 milyon dollar alacaq


ABŞ Hərbi Dəniz Qüvvələri F-35 qırıcılarının təmir mərkəzlərində sınaq avadanlıqlarının alınması və katapult oturacaqlarının təmiri imkanlarının genişləndirilməsi üçün “Lockheed Martin” şirkətinə 93,2 milyon dollar ödəyəcək.
Ordu.az xəbər verir ki, bu barədə Pentaqonun bu həftə yaydığı açıqlamada bildirilib.
Məlumata görə, sifariş F-35 “Lightning II” qırıcılarının təmiri və istismarının təmin edilməsi proqramını dəstəkləyir. Hərbi təmir mərkəzləri eskadrilyaların özlərinin təmir edə bilmədiyi mürəkkəb hissələrin sökülməsi, bərpası və sınaqdan keçirilməsi ilə məşğul olur.
Müqavilənin maliyyələşdirilməsində ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin hər biri təxminən 41 milyon dollar ayıracaq. F-35 proqramını birgə hazırlayan tərəfdaş ölkələr isə 11,2 milyon dollar vəsait təqdim edəcəklər.
“Lockheed Martin” işi rəqabətsiz qaydada əldə edib və layihənin 2030-cu ilin yanvarında başa çatdırılması nəzərdə tutulur.
Açıqlamada alınacaq avadanlıqların sayı, onların hansı təmir mərkəzlərinə yerləşdiriləcəyi və təmir müddətinin nə qədər azalacağı barədə məlumat verilməyib.
Vəsaitin böyük hissəsi sınaq avadanlıqlarının alınmasına yönəldiləcək. Təmir edilmiş detal təyyarəyə qaytarılmadan əvvəl onun işlək vəziyyətdə olduğu texniki mütəxəssislər tərəfindən təsdiqlənməlidir.
Yeni avadanlıqlardan biri F-35-in kokpitindəki geniş sensor ekranın elektron sistemlərini yoxlamaq üçün istifadə olunacaq. Digər avadanlıq isə təyyarənin radio və naviqasiya sistemlərini idarə edən, həmçinin onun müttəfiq qüvvələr tərəfindən tanınmasını təmin edən bloku sınaqdan keçirəcək.
Sifarişə sınaq avadanlıqları və proqram təminatı üçün kibertəhlükəsizlik yeniləmələri, eləcə də təyyarənin radioelektron mübarizə sistemi ilə əlaqəli avadanlıqların proqram təminatının yenilənməsi daxildir. Bu sistem düşmən radarlarının işini pozmaq və onları çaşdırmaq üçün nəzərdə tutulub.
Müqavilədə “Golden units” adlanan etalon komponentlər də yer alır. Bunlar sınaq avadanlıqlarının düzgün ölçmə aparmasını yoxlamaq üçün istifadə edilən, işləkliyi əvvəlcədən təsdiqlənmiş detallardır.
Bundan əlavə, müqavilə katapult oturacaqlarının təmiri imkanlarının genişləndirilməsini də nəzərdə tutur. Bütün F-35 qırıcılarında “Martin-Baker” şirkətinin istehsalı olan eyni tipli katapult oturacağından istifadə edilir. Şirkətin məlumatına görə, bu oturacaqlar indiyədək 12 pilotun həyatını xilas edib.
İşlərin 63 faizi Florida ştatının Malabar şəhərində, 23 faizi isə Nyu-Hempşir ştatının Neşua şəhərində həyata keçiriləcək. İşlərin daha kiçik hissəsi San-Dieqo və İngiltərənin Qilford şəhərlərinin payına düşəcək. Müqavilənin müəyyən hissəsi F-35 qırıcılarına artıq texniki xidmət və modernləşdirmə göstərən Şimali Karolinadakı Çerri-Poynt Hərbi Dəniz Qüvvələri təmir mərkəzində yerinə yetiriləcək.
Sevinc Əliyeva Ordu.az
