Ləyaqət, iradə və Zəfər

4 dəq oxu
Xəbər
11 noyabr 2026 18:37
830
Zəfər Günündə Xankəndidə səslənən bəyanatlar həm keçmişə verilən qətiyyətli qiymət, həm də gələcəyə hesablanmış strateji baxışdır
Tarixi ədalətin bərpa olunduğu, Azərbaycanın öz gücü və iradəsi ilə yeni reallıqlar yaratdığı müasir şəraitdə, ölkəmizə qarşı yönəlmiş hər hansı qərəzli yanaşma və xarici siyasi manipulyasiyalar artıq köhnəlmiş stereotiplərdən başqa bir şey deyil. Ermənistandakı revanşist əhval-ruhiyyənin və ya Qərbdəki bəzi dairələrin ikili standartlar üzərində qurulmuş bəyanatları fonunda Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidən dünyaya verdiyi mesajlar tamamilə fərqli bir geosiyasi informasiya mühiti formalaşdırır. Zəfər Günündə məhz Xankəndidə səslənən bəyanatlar həm keçmişə verilən qətiyyətli qiymət, həm də gələcəyə hesablanmış strateji baxışdır. Müzaffər Ali Baş Komandan İlham Əliyev vurğuladı ki, bu Zəfər abidəsi Bakıdakı analoji abidədən sonra şanlı qələbəmizin şərəfinə ucaldılmış ikinci möhtəşəm simvoldur. Lakin Xankəndidəki bu məkanın daşıdığı mənəvi və tarixi yük özünəməxsusluğu ilə seçilir. Ən diqqət çəkən məqamlardan biri Xankəndidə yaradılması başa çatmaqda olan Zəfər Muzeyinin məkanıdır. Vaxtilə Azərbaycana qarşı təcavüzün, işğalçılıq siyasətinin və düşmənçiliyin "beşiyi" sayılan, xalqımızın yaddaşında "şeytan yuvası" kimi qalan keçmiş icra hakimiyyətinin binası artıq tamamilə fərqli bir missiyaya xidmət edir. 2023-cü ilin oktyabrında həmin binaya daxil olarkən pəncərələrin açılması və o çirkin ruhun oradan təmizlənməsi təkcə fiziki deyil, həm də mənəvi bir təmizlənmə aktı idi. İndi isə həmin divarlar arasında qəhrəmanlıq salnaməmiz - Zəfər Muzeyi yer alacaq. Bir zamanlar bəzi xarici havadarlarına sığınaraq təkəbbürlü bəyanatlar verən, "Bakıya tank üstündə gəlib çay içəcəyik" deyən hərbi cinayətkarların bu gün Azərbaycan həbsxanalarında öz layiqli cəzalarını çəkmələri tarixin ən böyük ədalət dərslərindən biridir. Onlar həqiqətən də Bakıdadırlar, lakin xalqımızın ləyaqəti, mətanəti və dəmir yumruğu sayəsində məhz dəmir barmaqlıqlar arxasında çay içirlər.
Xankəndi Zəfər abidəsinə aparan pilləkənlər sadə bir mimarlıq elementi deyil. Hər bir pilləsində Vətən müharibəsinin 44 gününün hər bir anı, hər bir tarixi addımı həkk olunub. O pilləkənlərlə yuxarı qalxan hər bir vətəndaş haqlı olaraq böyük qürur hissi keçirir. Lakin bu zəfər yolu həm də şəhidlərimizin müqəddəs qanı ilə suvarılmış yoldur. Hər gün tökülən qanlara, verilən itkilərə baxmayaraq, xalqın göstərdiyi misilsiz vətənpərvərlik, sarsılmaz həmrəylik və dövlət rəhbərinə olan inamı bir an da olsun geri addım atmadan irəli getməyimizi təmin etdi. Xankəndidən ucalan bu səs bir daha sübut edir ki, haqq-ədalət gec-tez zəfər çalır və milli iradə qarşısında heç bir qanunsuzluq, işğalçılıq siyasəti davam gətirə bilməz.
Mənbə
1 mənbə



