Lətif Kərimovun 120 illik yubileyi münasibətilə vebinar keçirilib


Bakı, 19 noyabr, AZƏRTAC
“Azərbaycan xalçaçıları” İctimai Birliyi Azərbaycan xalçaşünaslıq elminin banisi, dünyada birinci xalça muzeyinin yaradıcısı, Xalq rəssamı, dekorativ-tətbiqi sənət ustası və görkəmli pedaqoq Lətif Kərimovun 120 illiyi münasibətilə vebinar keçirib.
AZƏRTAC xəbər verir ki, vebinarda çıxış edən “Azərbaycan xalçaçıları” İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə elmlər doktoru, Əməkdar mədəniyyət işçisi, professor Röya Tağıyeva Lətif Kərimovun Azərbaycan incəsənətində rolundan danışıb, onun hər sözünün bir dərs, hər işinin isə məktəb olduğunu vurğulayıb.
O diqqətə çatdırıb ki, “Azərbaycan xalçaçıları” İctimai Birliyi “Xarıbülbül” Qarabağ şöbəsini yaradıb.
Sənətşünaslıq üzrə elmlər doktoru, professor, Əməkdar incəsənət xadimi Kübra Əliyeva Şuşada boya-başa çatan rəssamın burada xalça istehsalına, xüsusilə boyaqçılığın inkişafına verdiyi töhfələrdən, İrandan qayıtdıqdan sonra, xalça fabrikində çalışdığı zaman Azərbaycan xalçalarını öyrənməyə gəlmiş latviyalı rəssam Yulius Straume ilə yollarının necə kəsişdiyindən və hər iki sənətkarın Azərbaycan xalçasına verdiyi dəyərdən söz açıb. Dünyada birinci xalça muzeyinin yaradılması tarixçəsindən danışaraq, Lətif müəllimlə ünsiyyətin özünün bir məktəb olduğunu xüsusi qeyd edib.
Tanınmış xalçaçı-rəssam və rəngkar Eldar Hacıyev, “Xarıbülbül” Qarabağ şöbəsinin müdiri, keramika ustası Fatma Mehdiyeva, Məmməd Səid Ordubadinin Xatirə Muzeyinin baş mühafizi Rasimə Əhmədova, keçə sənəti ustası Maya Babayeva, mədəni irs üzrə mütəxəssis Gülşən Hüseynova Lətif Kərimovun yaradıcılığı və elmi-pedaqoji fəaliyyəti, arzu və tövsiyələrindən bəhs ediblər.
