Kreml İrəvanda mövqelərini bərpa etməyə çalışır: Rusiya müxalifət kartını işə salır? –
.jpg)
.jpg)
14:59 Siyasət
"Hazırkı Ermənistan Rusiyanın maraqlarına uyğun gəlmir"
Moskvada hakim "Vahid Rusiya" partiyasının təşəbbüsü ilə yaradılan və postsovet məkanında Rusiya təsirini genişləndirməyə xidmət edən "Millətlərin azadlığı uğrunda" beynəlxalq forum keçirilib. Tədbirdə Ermənistanın parlamentdənkənar müxalifətinin Rusiyaya yaxın təmsilçiləri - Respublika Partiyasının sədr müavini Eduard Şarmazanov və "Çiçəklənən Ermənistan" Partiyasının nümayəndəsi Arman Abovyan iştirak edərək Baş nazir Nikol Paşinyan hakimiyyətinin siyasətini tənqid ediblər. Mənbələrin məlumatına görə, Moskvanın Ermənistanda dəstəklədiyi əsas fiqurların (Samvel Karapetyan, Robert Köçəryan və Qagik Tsarukyan) həbsdə olması fonunda Kreml ölkənin parlamentdə təmsil olunmayan müxalifəti sırasından yeni lider axtarır.
Siyasi şərhçi Ramiyə Məmmədova bu barədə Olaylar.az-a açıqlamasında bildirdi ki, Ermənistanın bugünkü vəziyyəti də əvvəlki dövrlərdən fərqlənir. Hazırda mövcud olan Ermənistan Rusiya üçün sərfəli Ermənistan deyil. Bir tərəfdən Ermənistanın Qərbə yaxınlaşması, Qərb ölkələri ilə əməkdaşlıq etməsi, Türkiyə ilə münasibətləri normallaşdırmağa və əməkdaşlıq qurmağa çalışması, Azərbaycanla müharibədən sonra yenidən Cənubi Qafqaz regionunda sülhün təmin olunmasına yönəlməsi və digər amilləri nəzərə alsaq, bu gün Rusiyanın siyasi baxışlarına və maraqlarına uyğun gəlməyən Ermənistan mənzərəsi ilə qarşılaşırıq. Çünki Paşinyandan əvvəl daha çox Rusiyaya bağlı olan Ermənistanı görürdüksə, bugünkü Ermənistan Qərbə və beynəlxalq siyasətə inteqrasiya etməyə çalışan bir ölkədir. Bu isə təbii ki, Rusiyanın maraqlarına uyğun deyil. Təbii ki, Rusiya bu gün müxtəlif platformalarda Ermənistanın özünün istədiyi şəxslər və kadrlar tərəfindən təmsil olunmasını daha çox arzulayır. Çünki respublikanın rəhbərliyində yer alan siyasi kadrların Rusiyaya yaxın olması Moskvanın maraqlarına cavab verir. Lakin hazırda bu vəziyyət mövcud olmadığı üçün Rusiya əlindəki bütün imkanlardan istifadə etməyə çalışır. Yəni Rusiya müxalifət kartından, keçmişdə Rusiyaya yaxınlığı ilə seçilən kadrlardan istifadə etməyə çalışır. Bunlar Robert Köçəryan, Serj Sarkisyan, Qaqik Tsarukyan və digər şəxslər ola bilər. Onların hər biri bu gün Ermənistan müxalifətində təmsil olunan, Rusiyaya yaxınlığı ilə tanınan şəxslərdir. Bu şəxslər Rusiyanın kadrları hesab olunur. Ona görə də Rusiya onların yenidən siyasi səhnədə fəallaşması üçün həm kəşfiyyat imkanlarından, həm də bir dövlət olaraq malik olduğu digər vasitələrdən istifadə edir və əlindən gələni etməyə çalışır. Ancaq bugünkü gündə Azərbaycanın Ermənistanla münasibətlərdə nümayiş etdirdiyi yanaşma və Cənubi Qafqaz regionunda Ermənistana yaratdığı imkanlar gələcəkdə hakimiyyətə gələ biləcək digər siyasi kadrlara eyni şəkildə təqdim olunmaya bilər. Yəni hələlik Paşinyandan başqa bu imkanları əldə edə biləcək siyasi qüvvənin mövcudluğu real görünmür. Mənə elə gəlir ki, Ermənistan xalqı da bunu çox yaxşı anlayır.
Ekspertin sözlərinə görə, bu gün Ermənistanın mövcudluğunu davam etdirməsi, Rusiyanın subsidiyaları hesabına yaşayan ölkə vəziyyətindən çıxması üçün ilk növbədə öz gələcəyini özü qurması lazımdır. Bunun üçün Ermənistan iqtisadi və siyasi baxımdan güclənməlidir. İqtisadi güclənmə isə öz növbəsində sosial rifahın yüksəlməsinə gətirib çıxaracaq. İnsanlar bu sosial rifahı və həyat səviyyəsindəki müsbət dəyişiklikləri gördükdən sonra ölkə rəhbərliyinə daha çox dəstək göstərəcəklər. Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan da məhz bu istiqamətdə fəaliyyət göstərməyə çalışır. Həm Türkiyə ilə münasibətlər, həm Qərb ölkələri ilə əməkdaşlıq, həm də Azərbaycanla münasibətlərin yenidən qurulması istiqamətində atılan addımlar Ermənistanın həm Cənubi Qafqaz regionunda, həm də beynəlxalq müstəvidə özünü yenidən müstəqil dövlət kimi təsdiq etməsinə və güclənməsinə xidmət edir. Əsas məqsədlərdən biri də Rusiyadan asılılığı tamamilə aradan qaldırmaqdır. Bu isə Rusiyanın istəmədiyi bir vəziyyətdir. Ona görə də Moskva Ermənistanda özünə yaxın siyasi kadrları dəstəkləməyə çalışacaq və hazırda da bu istiqamətdə fəaliyyət göstərir. Ancaq bugünkü reallıq ondan ibarətdir ki, Paşinyan Ermənistanda kifayət qədər güclü siyasi mövqeyə və imicə malikdir. Onun mövcud siyasi nüfuzunun zəifləməsi və ya ciddi şəkildə zədələnməsi isə hələlik yaxın perspektivdə real görünmür. Çünki bu gün Ermənistan sülh prosesinə dəstək verməyə, Azərbaycanla sülh müqaviləsini imzalamağa çalışır. Bu istiqamətdə Azərbaycan tərəfindən də müəyyən mənəvi və iqtisadi dəstək nümayiş etdirilir. Görürük ki, Ermənistan üzərindən tranzit daşımalarının həyata keçirilməsi, yanacaq və digər məhsulların tədarükü məsələlərinə şərait yaradılır. Bütün bunlar Ermənistan iqtisadiyyatının yenidən dirçəlməsinə imkan verə biləcək mühüm amillərdir. Bu, Ermənistan üçün böyük əhəmiyyət daşıyır. Eyni zamanda, Türkiyə ilə münasibətlərin inkişaf etdirilməsi də xüsusi əhəmiyyət kəsb edir. Türkiyə regionun böyük aktorlarından biridir və Ankara ilə münasibətlərin yenidən qurulması Ermənistan üçün əlavə imkanlar yarada bilər. Qərb ölkələri ilə əlaqələrin inkişaf etdirilməsi də bu baxımdan müsbət amillərdən biridir. Bütün bunlar Ermənistan üçün əlavə üstünlüklər, başqa sözlə, müsbət siyasi və iqtisadi imkanlar deməkdir. Bu gün Ermənistan cəmiyyəti də həmin imkanları görür və onların ölkənin gələcəyi baxımından əhəmiyyətini anlayır. Bu məsələdə Cənubi Qafqazda Rusiyanın getdikcə zəifləyən mövqeyini də nəzərə almaq lazımdır. Ermənistan hələlik Rusiya ilə münasibətlərdə digər ölkələr kimi balanslaşdırılmış siyasət yürütməyə çalışır. Yəni bir tərəfdən Qərblə münasibətlərini inkişaf etdirir, digər tərəfdən isə Rusiya ilə əlaqələrini tamamilə kəsmək niyyətində olmadığını nümayiş etdirir. Bu baxımdan, Rusiya hələlik Ermənistanda istədiyi nəticəyə nail olmaq üçün yalnız Ermənistanla deyil, həm də bu ölkəyə iqtisadi və siyasi baxımdan dəstək verən digər dövlətlərlə də müəyyən mənada qarşı-qarşıya gəlmək məcburiyyətində qala bilər. Çünki Ermənistanın hazırkı xarici siyasət kursunun arxasında təkcə daxili siyasi proseslər deyil, həm də beynəlxalq münasibətlər sistemindəki dəyişikliklər dayanır. Belə bir vəziyyətdə Moskvanın qarşısında daha geniş siyasi və iqtisadi maraqların toqquşması ehtimalı yaranır. Düşünürəm ki, Rusiya hələlik belə bir qarşıdurmaya getmək istəməz.
Səidə Ramazanova
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
1 mənbə
Report+20 mənbə