Konqresdə ermənipərəst şoku: Azərbaycana qarşı gizli oyunda nələr var?


ABŞ-da Demokratlar Partiyasının Konqresə keçirilən seçkilərdə hər iki palatada əldə etdiyi böyük üstünlük beynəlxalq müstəvidə, xüsusilə də Cənubi Qafqaz regionu üçün yeni geosiyasi çağırışları gündəmə gətirib. Diqqəti çəkən əsas məqamlardan biri Amerika Erməni Milli Komitəsinin (ANCA) dəstəklədiyi namizədlərin seçkilərdə əhəmiyyətli uğur qazanmasıdır. Məlumata görə, erməni lobbisinin açıq şəkildən dəstək verdiyi 64 namizəddən 7-si Senata, 50-si isə Nümayəndələr Palatasına daxil olmağı bacarıb. Ümumilikdə 57 ermənipərəst qanunvericinin ABŞ parlamentində təmsil olunması Vaşinqtonun gələcək Cənubi Qafqaz siyasətinə və Azərbaycan-ABŞ münasibətlərinə təsirsiz ötüşməyəcək.
ANCA-nın uzun illərdir irəli sürdüyü əsas siyasi xətt Azərbaycanın milli maraqlarına qarşı yönəlib. Bu təşkilatın prioritet hədəfləri sırasında ABŞ-ın Azərbaycana göstərdiyi hərbi və təhlükəsizlik yardımlarının məhdudlaşdırılması, həmçinin tarixi "907-ci düzəliş"in tətbiq sahəsinin sərtləşdirilməsi dayanır. Xatırladaq ki, hələ 1992-ci ildə qəbul edilmiş həmin düzəliş Azərbaycana birbaşa dövlət yardımını qadağan edirdi və hər il prezidentlərin xüsusi imtina səlahiyyətləri sayəsində bu məhdudiyyət dondurulurdu. İndi isə Konqresdə güclənən ermənipərəst qrup sözügedən imtina hüququnun ləğv olunmasına və ya Azərbaycana qarşı təzyiqlərin artırılmasına çalışa bilər. Eyni zamanda, ANCA-nın regionla bağlı irəli sürdüyü əsas tezislərdən biri Qarabağdan köçmüş ermənilərin guya təhlükəsiz şəkildə geri qaytarılması məsələsidir ki, bu da rəsmi Bakının suverenliyinə qarşı siyasi manipulyasiya aləti kimi istifadə olunur.
Bəs bu yeni reallıq, yəni ABŞ qanunverici orqanında erməni lobbisinin təsir imkanlarının genişlənməsi Azərbaycan üçün hansı əlavə problemlərə yol aça bilər?
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq, professor Qabil Hüseynli qeyd edib ki, ABŞ Konqresində ermənipərəst qüvvələrin sayının artması Vaşinqtonun Cənubi Qafqaz siyasətində birtərəfli və qərəzli addımların çoxalmasına zəmin yarada bilər: "ABŞ parlamentində erməni lobbisinin təsir dairəsinin genişlənməsi təbii olaraq Azərbaycan əleyhinə kampaniyaların intensivləşməsinə səbəb olacaq. Xüsusilə Demokratlar Partiyasının hər iki palatada üstünlük əldə etməsi və ANCA tərəfindən dəstəklənən 57 nəfərin Konqresə düşməsi Vaşinqtonun rəsmi Bakıya qarşı təzyiq mexanizmlərini işə salmaq istəyən dairələr üçün əlverişli fürsət yaratmış olur".
Onun sözlərinə görə, bu qruplaşma yaxın gələcəkdə "907-ci düzəliş" məsələsini yenidən aktuallaşdırmağa və Azərbaycanın təhlükəsizlik sektoruna edilən yardımları tamamilə dayandırmağa çalışacaq: "Onların əsas hədəfi Azərbaycanın suveren siyasətinə kölgə salmaq, regionda sülh prosesini ləngitmək və uydurma "humanitar" bəhanələrlə ölkəmizə qarşı sanksiya meyillərini stimullaşdırmaqdır. Lakin rəsmi Bakının yürütdüyü qətiyyətli xarici siyasət və balanslı addımlar bu cür təzyiqlərin qarşısını almaq gücündədir".
1 mənbə
