KİV: Nikol Paşinyan 44 günlük müharibədə fərarilik edənlərin siyahısını niyə açıqlamır?


“Ermənistanın baş naziri müharibə zamanı fərarilik etdiyini iddia etdiyi şəxslərdən danışsa da, indiyədək konkret ad açıqlamayıb”.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.
Noyabrın 18-də parlament-hökumət sual-cavab sessiyasında Paşinyan daxili işlər nazirinə müraciət edərək 2020-ci il sentyabrın 27-28-də Gorus-İrəvan avtomobil yolunda hərəkət edən nəqliyyat vasitələrinin sürət kameralarının qeydlərinin araşdırılmasını istəyib.
“Bu, adamı dəli edir. Kameraları çıxarmaq, görüntüləri göstərmək lazımdır ki, 2020-ci il noyabrın 7-də, yox, niyə noyabrın 7-də, sentyabrın 27-də günün ikinci yarısında hansı sürətlə Ermənistana qaçıblar. Həmin şəxslərin adbaad siyahısını tərtib edib dərc etmədiyim üçün günahkar mənəm. Xanım Sarkisyan, kameraların arxivləri qalıb, yoxsa yoxdur? Xeyr, bunu ciddi soruşuram, araşdırarsınız. Mənə 2020-ci il sentyabrın 27-28-də sürət kameralarının qeydləri, Gorus-İrəvan magistralında hərəkət edən avtomobillərin nömrələri və sürət həddinin aşılması halları lazımdır ki, şişirtmədiyim ortaya çıxsın”, - deyə Paşinyan bildirib.
“Hayastan” fraksiyasının deputatı Geğam Manukyan isə dərhal etiraz edərək bu məlumatların şəxsi məlumatlar olduğunu və açıqlana bilməyəcəyini bildirib. Nəşr qeyd edir ki, Paşinyan bundan əvvəl də hərbi sirr və şəxsi məlumatlarla bağlı qanunvericiliyin tələblərini nəzərə almadan açıqlamalar verib. Müəllifin fikrincə, Paşinyan hər dəfə emosional çıxışlar etmək əvəzinə, iddia etdiyi şəxslərin adbaad siyahısını dərc edə bilər.
Paşinyan daha sonra Geğam Manukyanla parlamentdəki mübahisəsi zamanı müharibə dövründə ölənlər və döyüşdən yayınanlar məsələsini yenidən gündəmə gətirib.
“Bayraqları asırsınız, elə isə deyin, “Bayraktar”ların zərbələri altında kimin öləcəyinə kim qərar verəcək? Siz həmin bayraqları asanda “Bayraktar”ların altında kimin öləcəyini düşünməmisiniz? Bayraq asırsınızsa, deyin, “Bayraktar”ların altında kim öləcək? Bəs, niyə ölmədiniz? Yenə qaçanların mövzusunu açaq?”, - deyə Paşinyan erməni deputata müraciət edib.
Manukyan isə Paşinyanın emosional çıxışına sərt cavab verib: “Ucuz, səviyyəsiz söhbət mövzusu açmısınız. Orduda xidmət etmiş bir insan kimi sizə deyirəm, bəsdir. Kim gedib xidmət etdisə, kim xidmət etdisə, biz necə xidmət edildiyini yaxşı bilirik. Məni danışmağa məcbur etməyin. Əsgər xidmətə ona görə gedir ki, ölməsin. İnsanları ölməməkdə ittiham etməyi dayandırın”.
Noyabrın 19-da hökumətin iclasından sonra jurnalistlərlə söhbətində Paşinyan yenidən müharibə zamanı bəzi generalların qorxaq və fərari olduğunu qeyd edib. Lakin bu dəfə də konkret ad çəkməyib.
Nəşr xatırladır ki, 44 günlük müharibənin ilk günlərində həmin vaxt ləğv edilmiş qondarma qurumun “rəhbəri” olan Arayik Harutyunyan bəzi vəzifəli şəxslərin Qarabağı tərk etdiyini bildirmiş, onların işdən azad ediləcəyini və qanunla nəzərdə tutulan digər tədbirlərin görüləcəyini açıqlamışdı. Bu tədbirlərin həyata keçirildiyi də qeyd olunmuşdu. Bununla belə, Paşinyanın hazırda konkret olaraq kimləri nəzərdə tutduğu məlum deyil.
Məqalədə vurğulanır ki, bir sıra təcrübəli generallara müharibə əməliyyatlarında iştirak etməyə, döyüş əməliyyatlarının planlaşdırılmasına dəstək verməyə imkan yaradılmayıb. Müəllif bu məsələnin ayrıca araşdırılmalı olduğunu bildirir.
Nəşr, həmçinin Paşinyanın 44 günlük müharibə zamanı polis və penitensiar xidmət əməkdaşları arasında mövqeləri tərk etmə və fərarilik halları barədə məlumatlı olmalı olduğunu yazır. Bu hallarla bağlı cinayət işlərinin başlanıldığı, lakin sonradan nəticəsiz qaldığı iddia edilir. Müəllifin fikrincə, baş nazir müvafiq qurumlardan həmin şəxslərin siyahısını da tələb edə bilər.
Paşinyan daha əvvəl müharibə barədə hüquq-mühafizə sisteminin bütün qurumlarının birlikdə malik olduğundan daha çox məlumata sahib olduğunu bildirmişdi. O, başqa bir açıqlamasında altı istintaq komissiyası yaradılsa belə, heç birinin onun müharibə ilə bağlı malik olduğu qədər məlumata sahib ola bilməyəcəyini demişdi.
Məqalədə, həmçinin müharibə zamanı könüllü dəstələrin və müxtəlif dövlət qurumlarının könüllü qruplarının hansı döyüşlərdə iştirak etdiyi ilə bağlı suallar qaldırılır. Müəllif qeyd edir ki, Qarabağda “könüllü dəstələr”in döyüşlərdə iştirakının hansı səviyyədə olduğu, eləcə də Ermənistan İstintaq Komitəsinin könüllü qruplarının cəbhədə hansı tapşırıqları yerinə yetirdiyi indiyədək aydınlaşdırılmayıb.
Nşr qeyd edib ki, müharibə dövründə Arayik Harutyunyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bir bölməsini qaçmaqda ittiham etmişdi. Bununla belə, həmin ittihamın nə dərəcədə obyektiv olduğu sual altındadır. Nəşr bildirir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətindən bu bölmənin qaçması ilə bağlı cinayət işinin başlanılmadığı barədə məlumat verilib.
Məqalədə daha bir hadisəyə diqqət çəkilir. “Müharibə günlərində polkovnik Vahan Yayloyan alay komandiri vəzifəsinin icrasından imtina edib. Əvvəlcə ona ittiham irəli sürülsə də, sonradan bəraət verilib. O, bu müddət ərzində Ermənistan silahlı qüvvələrində xidmətini davam etdirib və müxtəlif vəzifələrə təyin olunub.
Ermənistan İstintaq Komitəsi 2026-cı il aprelin 1-də göndərilən sorğuya cavab olaraq bildirib ki, 44 günlük müharibə zamanı hərbi xidmət əleyhinə cinayətlərlə bağlı 11 mindən çox hərbçi barəsində 1500 cinayət işi başlanılıb. Həmin işlər üzrə ibtidai istintaq aparılıb və bir çoxunun taleyi qanunla müəyyən edilmiş qaydada həll olunub.
Ermənistan Baş Prokurorluğunun təqdim etdiyi məlumata əsasən, 2025-ci il dekabrın 25-dək Cinayət Məcəlləsinin hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə, fərarilik və hərbi xidmət vəzifələrini yerinə yetirməkdən imtina ilə bağlı maddələri üzrə 10 min 687 nəfər barəsində 1786 cinayət işi başlanılıb. 655 nəfərlə bağlı 486 cinayət işi ittiham aktı ilə məhkəməyə göndərilib, 410 nəfər barəsində isə ittiham hökmü çıxarılıb”, - deyə nəşr qeyd edib.
Nəşr bildirir ki, son aylarda bu statistikada hansı dəyişikliklərin baş verdiyi məlum deyil. Bununla yanaşı, müəllifin qənaətinə görə, fərarilik və mövqeləri tərk etmə halları əsasən səfərbərlik çərçivəsində çağırılanlar və könüllü dəstələr arasında qeydə alınıb, nizami orduda isə belə hallar olmayıb. Müəllif həmin könüllü dəstələrin necə və hansı şəxslərdən formalaşdırıldığı məsələsini də sual altına alır.
Məqalədə vurğulanır ki, Paşinyan altı il ərzində heç bir general barəsində fərarilik ittihamı irəli sürülmədiyi halda, onları qorxaqlıqda və fərarilikdə ittiham edir. Müəllif baş nazirin emosional bəyanatlar vermək əvəzinə, müharibədən qaçdığını iddia etdiyi şəxslərin siyahısını açıqlamasının daha düzgün olacağını bildirir. Həmçinin hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan könüllülərin döyüş əməliyyatlarında iştirakı ilə bağlı məlumatların açıqlanmasının vacibliyini qeyd edir.
Müəllif Müdafiə Nazirliyinə, Ermənistan İstintaq Komitəsinə və Baş Prokurorluğa yazılı sorğular göndərərək müvafiq məlumatları əldə etməyə çalışacaqlarını da bildirir.
“Hayastan” fraksiyasının deputatı Geğam Manukyan isə məsələ ilə bağlı daha geniş açıqlama verib. O, hakimiyyətin müharibə zamanı qaçanlar mövzusundan siyasi təzyiq vasitəsi kimi istifadə etdiyini bildirib:
“Bu hakimiyyət üçün müharibə günlərində qaçmaq mövzusu əsas təzyiq vasitələrindən biridir. Nikol Paşinyan indiyədək “Qarabağ müdafiə ordusu”nun (ləğv edilmiş qanunsuz “hərbi birləşmə”-red.) yüksək rütbəli hərbçilərini ittiham edir, lakin müharibədən qaçmaqda və ya yayınmaqda günahlandırılan şəxslərə qarşı irəli sürülən bu əsassız iddialar indiyədək heç bir şəkildə sübuta yetirilməyib.
O, parlament tribunasından bir dəfə “müdafiə ordusu”nun keçmiş komandanı Mikayel Arzumanyanı ittiham etdi və onun tapşırıqlarını yerinə yetirən istintaq orqanları dərhal hərəkətə keçdi. General təxminən üç il həbsdə saxlanıldı. Məhkəmə prosesi isə indiyədək davam edir və yekunlaşmır. Bununla belə, məhkəmə araşdırması zamanı siyasi motivli ittihamların bütün əsasları dağılır.
Artıq çoxdan Qarabağda anadan olan hərbçilərin hər hansı bəyanat verməsinin, bu məsələdə öz sözlərini deməsinin vaxtı çatıb. Çünki bu cür əsassız ittihamlar 30 illik şanlı ordunun nüfuzuna zərər vurur və döyüş yoldaşlarının xatirəsinə hörmətsizlikdir”.
Nəşr daha sonra Paşinyanın “ölməmək” barədə fikirlərinə diqqət çəkərək qeyd edir ki, müharibə zamanı ölmək hər zaman döyüş əməliyyatlarında birbaşa iştirak etməyin göstəricisi deyil.
“44 günlük müharibədə bəzi şəxslər döyüş meydanına çatmamış, bəziləri isə geri çəkilərkən ölüb. Eyni zamanda, yaralanaraq və ya xəsarət almadan geri qayıdan, lakin döyüş əməliyyatlarında mühüm rol oynayan şəxslər də olub”, - deyə məqalədə bildirilib.
Müəllif hesab edir ki, ölən və sağ qalan şəxslər barədə danışarkən onların müharibə zamanı hansı şəraitdə olduqları, döyüşlərdə iştirak edib-etmədikləri də nəzərə alınmalıdır. Məqalədə 44 günlük müharibədə ölənlərin və yaralananların əsasən hansı silah növlərinin təsiri nəticəsində itki verdiyinə dair statistikanın açıqlanmasının da faydalı olacağı vurğulanır.
Alpər Mövludoğlu Ordu.az
1 mənbə