Kiçik bir köçəri quş Sibirdən İngiltərəyə 11 min kilometrlik səyahətini başa vurdu


Bugun.tv xəbər verir ki, alimlər cəmi 6 qram ağırlığında izləmə cihazı vasitəsilə Phil adlı köçəri quşun İngiltərədən Sibirin mərkəzinə və geriyə təxminən 11 min kilometr məsafə qət etdiyini müəyyən ediblər. Bu müşahidə quşların uzun məsafəli köç marşrutlarının öyrənilməsində yeni məlumatlar ortaya çıxarıb.
“The Guardian” nəşrinin noyabrın 19-da yaydığı məlumata görə, bar-tailed godwit növünə aid olan quşa kiçik izləmə cihazı bu ilin yanvar ayında İngiltərədə, Norfolk bölgəsindəki The Wash sahil ərazisində quraşdırılıb.
Cihazın qeydə aldığı məlumatlara əsasən, Phil mart ayında Niderland, Almaniya və Danimarka sahillərini əhatə edən Vadden dənizi istiqamətinə hərəkət edib. May ayının sonlarında isə Mərkəzi Sibirdə yerləşən Taymır yarımadasına çatıb.
Quş geri qayıdarkən Şimal Buzlu okeanı üzərindən keçərək Norveçin şimalındakı üç kiçik adada dayanıb. Daha sonra Vadden dənizi vasitəsilə İngiltərəyə qayıdaraq RSPB Snettisham ərazisində qeydə alınıb.
Tədqiqatçılar bildirirlər ki, bu müşahidə köçəri quşların müxtəlif ölkələrdə yerləşən bataqlıq və sahilyanı ərazilərdən necə istifadə etdiyini anlamağa kömək edir. Alimlərin fikrincə, belə quşların qorunması üçün beynəlxalq əməkdaşlıq və onların köç marşrutu boyunca təbii yaşayış məkanlarının mühafizəsi vacibdir.
1 mənbə
