"Kəpəz" "Regional EXPO Gəncə 2026" sərgisində təmsil olunur


"Kəpəz" klubu Gəncə İdman Sarayında ilk dəfə təşkil olunan "Regional EXPO Gəncə 2026" – Sahibkarların təqdimat sərgisinə qatılıb.
Offsideplus.az xəbər verir ki, tədbirdə "sarı-göylər"in stendi ilə yanaşı, klubun fan-şopu da ziyarətçilərin istifadəsinə verilib.
Rəsmi açılış mərasimindən sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov "Kəpəz"in stendini ziyarət edib. O, klub tərəfindən irəli sürülən tərəfdaşlıq təklifləri ilə tanış olaraq komandanın əməkdaşlarına uğurlar arzulayıb.
Qeyd edək ki, regionlarda biznes ekosisteminin inkişafına töhfə vermək məqsədilə sahibkarları, investorları, dövlət qurumlarını və startapları bir araya gətirən sərgiyə sabah yekun vurulacaq.
