Kəlbəcər şəhərində sakinlər üçün səyyar tibbi xidmət təşkil olunub


Qarabağın bərpası və yenidən qurulması istiqamətində görülən işlər çərçivəsində işğaldan azad olunmuş ərazilərə qayıdan sakinlərin sosial və tibbi xidmətlərlə təminatı daim diqqət mərkəzində saxlanılır.
Bu istiqamətdə Kəlbəcər şəhərində məskunlaşan sakinlərin sağlamlıq vəziyyətini qiymətləndirmək, xəstəlikləri erkən mərhələdə aşkar etmək və tibbi xidmətləri yerində göstərmək məqsədilə səyyar tibbi xidmət təşkil edilib.
Səyyar tibbi xidmət Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının tibb işçilərindən ibarət briqada tərəfindən həyata keçirilib. Briqadanın tərkibində terapevt, pediatr, həkim-ginekoloq və tibb bacısı iştirak edib. Aparılan müayinələr nəticəsində cəmi 20 nəfərə zəruri tibbi xidmətlər göstərilib.
Tədbirlər çərçivəsində Kəlbəcər şəhərində yerləşən 1 saylı tam orta məktəbin yuxarı sinif şagirdləri arasında “Sağlam həyata “hə”, narkotikə “yox”” adlı maarifləndirici tədbir də keçirilib.