Kassano Ronaldinyonu tənqid etdi


Məlum olduğu kimi braziliyalı əfsanə, ''Qızıl top''un sahibi Ronaldinyo bu günlərdə 46 yaşında rəsmi oyuna çıxdı. O, İtaliyanın C liqası təmsilçisi ''Ravenna''nın heyətində meydana çıxmaqla çoxlarını təəccübləndirdi. "Football-plus.az" xəbər verir ki, 299 qol vurduğu peşəkar karyerasını hələ 2015-də ''Fluminense''də başa vuran Ronaldinyo ''Ravenna''nın səhmdarlarından biridi. O, bu klubun C seriyasının 14-cü turunda evdə ''Forli''ni 2:0 yendiyi qarşılaşmanın ilk yarısında forma geydi. Hətta ilk qolda hücumu başlayan futbolçu oldu. Ancaq onun bu yaşda rəsmi matçda meydana çıxması heç də hər kəs tərəfindən müsbət qarşılanmayıb. İtaliya yığmasının, eləcə də ''Roma'', ''Milan'' və ''Real''ın sabiq üzvü Antonio Kassano Ronaldinyonu tənqid atəşinə tutub.
O, ''sambaçı''nın oyununu ''dəhşətli görüntü'' adlandırıb:
''Bəribaşdan deyim ki, Ronaldinyoya həm insan, həm də futbolçu kimi böyük hörmətim var. Onu Messi, Maradona, braziliyalı Ronaldo və Pele ilə birlikdə tarixin ən yaxşı 5 futbolcusundan biri hesab edirəm. Həqiqətən də mükəmməl istedada malik idi və əla karyera qurmuşdu. Ancaq onun son hərəkəti şəxsən mənim üçün dəhşətli bir görüntü oldu. Sənin 46 yaşın var. Bu cür formada belə bir şey sənin nəyinə lazımdı? Bunu anlamıram. Bəlkə də klub prezidenti ilə yaxşı münasibətləri olduğundan və ya ona yaxşı pul təklif olunduğundan buna razılıq verdi. Amma mən bunu nəinki 10 milyon avroya, heç 20 milyon avroya da etməzdim. Bu, mənasız və görüntü xətrinə edilən bir şou idi''.
