Kanadadan Ukraynaya yeni hərbi dəstək: Milyonlarla dollar ayrılır


Kanada Ukraynaya hərbi ehtiyaclarının qarşılanması üçün əlavə olaraq 108 milyon dollardan çox vəsait ayıracaq.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, bu barədə Kanada hökuməti noyabrın 17-də açıqlama yayıb.
Rəsmi məlumata görə, ayrılan vəsait sursat, hava hücumundan müdafiə sistemləri və hərbi logistika ehtiyaclarının qarşılanmasına yönəldiləcək.
Belə ki, Çexiya Sursat Təşəbbüsü çərçivəsində Ottava 45 milyon Kanada dolları (təxminən 31,5 milyon ABŞ dolları) ayıracaq. Bu vəsait əsasən uzaqmənzilli sursatların və hava hücumundan müdafiə avadanlıqlarının alınmasına sərf olunacaq. Yeni maliyyələşdirmə ilə Kanadanın təşəbbüs çərçivəsində ümumi öhdəliyi 500 milyon Kanada dollarını ötəcək.
Bundan başqa, Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün sensor avadanlıqlarının alınmasına 80 milyon Kanada dolları (təxminən 56 milyon ABŞ dolları) ayrılması nəzərdə tutulur.
Hərbi qulluqçuların qış mövsümünə hazırlığı üçün isə 30 milyon Kanada dolları (təxminən 21 milyon ABŞ dolları) vəsait ayrılacaq. Bu məbləğə gödəkçələr, çəkmələr, termal alt paltarları və yataq torbaları daxil olmaqla, qış geyimləri və avadanlıqlarının alınması daxildir. Kanada, həmçinin Ukraynaya 250 min fərdi ərzaq payı göndərməyi planlaşdırır.
Kanada hökumətinin açıqlamasında bildirilib ki, ölkə müttəfiqləri və tərəfdaşları ilə əməkdaşlıq çərçivəsində Ukraynanın dəyişən müdafiə ehtiyaclarına uyğun hərbi dəstəyi davam etdirəcək.
