İtaliya polisinin keçmiş rəhbəri 1992-ci il terror aktı ilə bağlı ifadə verməzdən bir gün əvvəl ölüb


İtaliya Milli Polisinin keçmiş rəhbəri Canni De Cenaro Toskanadakı bağ evində ölü tapılıb. O, gələn ay 1992-ci ildə Palermoda törədilmiş terror aktı ilə bağlı ifadə verməli idi.
Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
78 yaşlı De Cenaronun ölümü ilə bağlı prokurorluq araşdırmaya başlayıb. İlkin ehtimala görə, söhbət intihar hadisəsindən gedir. Məhkəmə-tibbi ekspertizasının nəticələri hələ açıqlanmayıb.
İtaliyanın Baş naziri Corcia Meloni polisin keçmiş rəhbərinin ölümündən sarsıldığını bildirib.
“Canni De Cenaronun faciəvi ölümü məni dərindən sarsıdıb”, - deyə o, Baş nazirin ofisinin yaydığı açıqlamada qeyd edib.
De Cenaro barəsində Siciliyada mütəşəkkil cinayətkarlıqla əlaqəli partlayışın araşdırılması çərçivəsində məlumatları gizlətməkdə şübhəli bilinərək istintaq aparılırdı.
O, gələn ay 1992-ci ildə Palermoda törədilmiş terror aktı ilə bağlı ifadə verməli idi. Həmin vaxt yüksək vəzifəli hakim Paolo Borsellino və beş polis əməkdaşı həlak olmuşdu.
Polisin keçmiş rəhbəri terror aktının sonrakı araşdırılmasına mane olmaq ittihamlarını qəti şəkildə rədd edirdi.
Xidməti fəaliyyəti dövründə De Cenaro bir sıra yüksək vəzifələr tutub. Onun fəaliyyəti əsasən mütəşəkkil cinayətkarlığa qarşı mübarizə ilə bağlı olub. O, 2007-ci ilədək yeddi il ərzində İtaliya Milli Polisinə rəhbərlik edib.
Sevinc Əliyeva Ordu.az
