“İRS” jurnalının ingilis dilində növbəti nömrəsi işıq üzü görüb


Bakı, 19 noyabr, AZƏRTAC
Azərbaycanın zəngin tarixini, mədəniyyətini və milli irsini beynəlxalq oxuculara tanıdan “İRS-Heritage” jurnalının yeni nömrəsi işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, jurnalın baş redaktoru Musa Mərcanlının “Əsrin müqaviləsi: müasir Azərbaycanın başlanğıc nöqtəsi” sərlövhəli giriş yazısında Azərbaycanın müstəqillik dövründə iqtisadi inkişafının və beynəlxalq mövqeyinin möhkəmlənməsində “Əsrin müqaviləsi”nin tarixi əhəmiyyəti vurğulanır. Müəllif, həmçinin Muğan qurultayının 290 illiyinə toxunur, Nadir şah Əfşarın Azərbaycan və region tarixindəki rolunu, eləcə də milli jurnalistikanın formalaşmasının mürəkkəb mərhələlərini diqqətə çatdırır.
Jurnalın yeni nömrəsində enerji siyasəti və geoiqtisadi mövqe, tarixi şəxsiyyətlər, milli mətbuatın keçmişi, arxeoloji irs, təsviri sənət və Bakının memarlıq-mədəni mühiti ilə bağlı məqalələr yer alıb.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun ABŞ üzrə regional nümayəndəsi Peter Marko Tase “Azərbaycanın enerji və Avrasiya geoiqtisadiyyatında əsas qlobal aktor kimi rolu” məqaləsində ölkəmizin beynəlxalq enerji bazarındakı mövqeyini, Avropanın enerji təhlükəsizliyinə töhfəsini, Cənub Qaz Dəhlizinin əhəmiyyətini və yaşıl enerji sahəsində həyata keçirilən təşəbbüsləri təhlil edir.
Tarix üzrə fəlsəfə doktoru Nigar Gözəlova “XVIII əsr Azərbaycan hərbi-siyasi ənənəsinin fenomeni kimi Nadir şah Əfşar” məqaləsində görkəmli tarixi şəxsiyyətin dövlətçilik fəaliyyətinə, hərbi və diplomatik strategiyasına, eləcə də dövrün siyasi proseslərinə nəzər salır.
Tarix üzrə humanitar elmlər doktoru Məleykə Hüseyn “Azərbaycan jurnalistikasının ilk dövrünün çətinlikləri” adlı yazısında milli mətbuatın təşəkkül mərhələsini, çar senzurasının yaratdığı maneələri, Həsən bəy Zərdabinin və “Əkinçi” qəzetinin maarifçilik fəaliyyətini araşdırır.
Tarix üzrə fəlsəfə doktoru Afət Rüstəmbəyova “Şahtaxtıdan qızıl bəzək əşyası (Orta tunc dövrü)” məqaləsində Naxçıvan ərazisində aşkar edilmiş, günəş və zoomorf motivlərlə bəzədilmiş qızıl nümunəni təqdim edir, onun arxeoloji və mədəni əhəmiyyətini şərh edir.
Tarix üzrə fəlsəfə doktoru Mahfuza Zeynalova “Mollaisaklı: torpağın yaddaşı qoruduğu məkan” məqaləsində İsmayıllı rayonundakı qədim yaşayış məskəninin arxeoloji izlərindən, burada aşkarlanmış yaşayış yeri qalıqlarından, saxsı nümunələrdən, tunc bəzəklərdən və terrakota tapıntılarından bəhs edir.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülara Salayeva “Azərbaycanda qobelen sənəti: ənənədən müasirliyə səyahət” yazısında bu sənət növünün xalçaçılıq ənənələri ilə əlaqəsini, 1960-cı illərdən etibarən formalaşmasını və inkişaf mərhələlərini izləyir.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülrənə Qacar “Rəssam, vətəndaş, vətənpərvər” məqaləsini görkəmli Azərbaycan rəssamı Elmira Şahtaxtinskayanın yaradıcılığına həsr edib. Yazıda sənətkarın milli-mədəni kimliyin ifadəsindəki rolu və Azərbaycan təsviri sənətinə verdiyi töhfələr diqqətə çatdırılır.
Faiq Nəsibov “Mirvari” kafesi – Bakı bulvarının incisi” məqaləsində dənizkənarı bulvarın tanınmış memarlıq məkanlarından biri olan “Mirvari” kafesinin yaranma tarixindən, memarlıq xüsusiyyətlərindən və paytaxtın şəhər mühitindəki yerindən bəhs edir.
Qeyd edək ki, “İRS-Heritage” jurnalının bu nömrəsi Bakı Dövlət Universitetinin Mədəni İrsi Araşdırmaları Mərkəzinin dəstəyi ilə hazırlanıb. Jurnal Azərbaycanın tarixi, mədəniyyəti və milli irsinin beynəlxalq miqyasda tanıdılmasına xidmət edir.
