İrəvandakı konfransın əsl məqsədi: Ermənistan nədən yayınmağa çalışır?


"Azərbaycan uzun illərdir Ermənistan, eləcə də beynəlxalq təşkilatlar qarşısında itkin düşmüş şəxslərlə bağlı məsələ qaldırır. Onun sözlərinə görə, bu proses 44 günlük müharibədən və antiterror əməliyyatlarından sonra daha da intensivləşib".
Bunu Milli.Az-a açıqlamasında deputat Elçin Mirzəbəyli deyib.
Deputat qeyd edib ki, işğaldan azad edilmiş Azərbaycan ərazilərində, o cümlədən Xocalıda və digər yerlərdə kütləvi məzarlıqların aşkarlanması digər itkin düşmüş vətəndaşlarımızın da eyni aqibətlə üzləşdiyini göstərən fakt kimi qiymətləndirilməlidir.
Elçin Mirzəbəyli bildirib ki, Ermənistan 204 məzarlığın yeri və koordinatlarını verməkdən imtina edir:
"Bunun səbəbləri bəllidir. Belə ki, hər bir kütləvi məzarlığın aşkarlanması və oradan tapılan insan qalıqlarının ekspertizadan keçirilməsi azərbaycanlılara qarşı törədilmiş vəhşiliklərin nə qədər amansız və qəddar olduğunu təsdiqləyir. Bu faktlar isə hüquqi nəticələr doğura bilər".
Deputat hesab edir ki, Ermənistanın hazırda itkin düşmüş şəxslərlə bağlı toplantı keçirməsi də məqsədyönlü xarakter daşıyır. O vurğulayıb ki, baş verən proseslərin özü Ermənistan tərəfindən həyata keçirilib. İşğal nəticəsində azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb və itkin düşmüş şəxslər məsələsi də həmin siyasətin nəticələrindən biridir.
Elçin Mirzəbəylinin sözlərinə görə, itkin düşmüş şəxslər işğalın, amansız vəhşiliyin və vandalizmin ayrılmaz tərkib hissəsidir.
Deputat bildirib ki, Ermənistan diqqəti guya öz itkin düşmüş şəxslərinə yönəltməklə Azərbaycanın irəli sürdüyü təkzibolunmaz faktlarla süni balans yaratmağa və məsuliyyətdən yayınmağa çalışır. Onun fikrincə, məsələnin mahiyyəti də məhz bundan ibarətdir:
"İtkin düşmüş şəxslər problemi yalnız Azərbaycan kontekstində deyil, beynəlxalq müstəvidə də ciddi problem olaraq qalır. Təəssüf ki, işğalçılıq və aqressiv siyasət, eləcə də beynəlxalq təşkilatların riyakar davranışı və ikili standartları problemin indiyədək nə regional, nə də qlobal səviyyədə həllinə imkan verib".
Qeyd edək ki, 2026-cı il noyabrın 19-20-də İrəvanda "İtkin düşmüş şəxslərin taleyi: humanitar dialoq və əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans keçirilir. Ermənistanın Təhlükəsizlik Şurası Aparatının, Xarici İşlər Nazirliyinin və Qırmızı Xaç Cəmiyyətinin iştirakı ilə təşkil olunan tədbirdə ölkənin baş naziri Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan və digər rəsmi şəxslər itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi, ailələrin məlumat almaq hüququ və humanitar əməkdaşlığın vacibliyindən danışırlar.
Müəllif: Mina Mikayılova