İrəvan QARIŞIR: Paşinyan bu addımı atsa...


Ermənistanda yeni konstitusiyanın qəbul edilməsi ətrafında aparılan mübahisələr genişləndikcə ölkədaxili ictimai-siyasi gərginlik də artır. Hakim komanda yeni əsas qanunu uzunmüddətli və sabit sülhün qarantı kimi təqdim etsə də, kəskin müxalif düşərgə bu təşəbbüsü Bakının diktəsi adlandırır və prosesə qarşı çıxır.
Xüsusilə qanunverici orqanda iqtidar və müxalifət təmsilçiləri arasında kəskin qarşıdurmalar və ittihamlar səsləndirilir. Son parlament iclasında spiker Ruben Rubinyan “Güclü Ermənistan” Partiyasının üzvü Edqar Kazaryanı iclas zalından uzaqlaşdırıb. Xarici işlər naziri Ararat Mirzəyan isə eyni fraksiyadan olan deputat Suzanna Avetisyanın Bakıda saxlanılan erməni əsilli separatçı-terrorçuların geri qaytarılması ilə bağlı iddiasına sərt reaksiya verib: “Onlar haqqında məndən daha çox düşündüyünüzü zənn edirsiniz? Vətənpərvərliyi necə ölçürsünüz? Sürətölçən, sayğac, tərəzi varmı? Yaxşı, onları çıxaraq, ölçək. Bəsdir, sülh olacaq. Ölsəniz belə, sülh olacaq”.
Müxalifətin ittihamlarına ən kəskin və kinayəli cavab isə baş nazir Nikol Paşinyandan gəlib. O, müxalifətin “Əliyevin sülhü” ifadəsinə belə münasibət bildirib: “‘Əliyevin sülhü’ deyirlər. Gəlin, sülhün necə qurulduğuna nəzər salaq. Sülh müqaviləsini kim imzalayacaq? İndi böyük bir sürpriz, milli rüsvayçılıq, sui-qəsd ifşası edəcəyəm – sülhə imza atan Əliyev olacaq, dostlar. Mən Braziliyanın çox hörmətli prezidenti cənab Lula da Silvadan gedib həmin sənədi imzalamasını xahiş edə bilərəm: bir tərəfdə mənim, digər tərəfdə onun imzası olacaq. Amma bu, Azərbaycanla sülh olmayacaq. Başa düşmürəm, bu maniyadan nə vaxt çıxacağıq? 1870-ci illərdən başlayaraq bizi idarə etmək istəyən qüvvələr şüurumuzun qaralmasını istəyirdilər, deyirdilər: türk, türk, türk – və budur, bütün şüurlu sistem qarışıb”.
Bununla yanaşı, müxalifətin sərt təzyiqləri fonunda iqtidarın ümumxalq səsverməsində istədiyi nəticəni əldə edib-etməyəcəyi və yeni konstitusiyanı qəbul etdirib-etdirməyəcəyi əsas müzakirə mövzularından biridir.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq, professor Qabil Hüseynli qeyd edib ki, müxalif düşərgədəki qüvvələrin birləşməsi referendum prosesi üçün ciddi risklər yaradır: “Revanşistlər, daşnaklar, Robert Köçəryan və Serj Sarkisyanın tərəfdarları vahid cəbhədə birləşiblər – ən azı bu barədə razılığa gəliblər. Bu vəziyyətdə referendumun keçirilməsi ciddi təhlükələr vəd edir, əhali səsverməyə qatılmaya da bilər, müxalifət meydanı elə qızışdıra bilər ki, konstitusiya dəyişikliyinə qarşı səs verilər”.
Onun sözlərinə görə, Paşinyan ölkəni müasir və sivil inkişaf xətti ilə aparmaq niyyətində olsa da, daxili siyasi gərginlik səsvermənin nəticələrinə birbaşa təsir göstərə bilər: “Paşinyan isə Ermənistanın gələcəyini müasir və sivil inkişaf prinsipləri əsasında qurmaq istəyir”.
Sara,NOCOMMENT.az