İraq Hörmüz boğazında böhran səbəbindən neftini alternativ marşrutlarla daşıyır


Bakı, 19 noyabr, AZƏRTAC
Neft gəlirlərindən çox asılı olan İraq Hörmüz boğazındakı hadisələr səbəbindən Körfəz vasitəsilə ixracında yarana biləcək pozuntular riskini azaltmaq üçün yeni nəqliyyat və enerji əlaqələrini inkişaf etdirməyə çalışır. Bu kontekstdə Suriyanın Aralıq dənizi sahilindəki Baniyas limanına qədər uzanan neft marşrutu və Türkiyənin Ceyhan limanına birləşən şimal marşrutu İraqın uzunmüddətli enerji strategiyasında ön plandadır.
AZƏRTAC INA agentliyinə istinadla xəbər verir ki, İraqın neft naziri Basim Məhəmməd Hudeyyir ölkəsi ilə Türkiyə arasında köhnə boru kəməri vasitəsilə xam neft daşımalarının bərpa olunduğunu açıqlayıb. O, ixrac gücünün tədricən artırılacağını və yaxın vaxtlarda gündə 500.000 barelə çatmağı hədəflədiyini bildirib.
İraq Dövlət Neft Marketinq Şirkəti (SOMO) ilə bağlanmış müqaviləyə əsasən, Qətərin enerji şirkəti “UCC Holding” Suriyaya quru yolu ilə gündə təxminən 120.000-150.000 barel xam neft nəql edir. Oktyabrın 26-dan bəri bu marşrutla təxminən 1,6 milyon barel neft göndərilib. Neft Baniyas limanında gəmilərə yüklənir və Yunanıstan, İtaliya, Türkiyəyə, habelə Aralıq dənizi bazarlarına göndərilir.
Şirkət tanker donanmasını 6000-dən 10000-ə qədər artırmağı planlaşdırır, lakin marşrutun qısamüddətli artımı gəmi tutumundan və logistika məhdudiyyətlərindən asılıdır.
Bağdad və Dəməşq iyulun 17-də Vaşinqtonda İraqın qərbindəki Hədisə bölgəsindən Suriyadakı Baniyas limanına qədər uzanan neft boru kəmərinin bərpası və yenidən qurulması ilə bağlı anlaşma memorandumu imzalayıb. ABŞ-nin “Chevron” enerji şirkətinin də daxil olacağı gözlənilən layihənin ilkin olaraq gündə 2 milyon barel neft ötürmə gücünə malik olacağı proqnozlaşdırılır.
Baniyas boru kəməri ilə İraq neftinin ixracı da oktyabrın 28-də Dəməşqdə İraqın Baş naziri Əli Zeydi ilə Suriyanın keçid dövrü Prezidenti Əhməd Şaraa arasında keçirilən görüşdə müzakirə edilib.
Dərc vaxtına görə
