İpoteka ilə mənzil almaq həqiqətən sərfəlidirmi?


Mənzil sahibi olmaq istəyənlərin böyük bir qismi kifayət qədər vəsait toplaya bilmədiyi üçün ipoteka kreditlərinə üz tutur. Lakin uzunmüddətli kredit öhdəliyinə girmək hər zaman sərfəli seçim olmaya bilər. Aylıq ödənişlər, faiz dərəcələri, ilkin ödəniş və ailənin gəlir səviyyəsi ipoteka ilə ev almağın nə dərəcədə məqsədəuyğun olduğunu müəyyənləşdirən əsas amillərdəndir.
Bəs ipoteka ilə mənzil almaq həqiqətən sərfəlidirmi? Hansı gəlir səviyyəsinə malik şəxslər üçün bu seçim daha əlverişlidir və kimlər ipoteka kreditinə müraciət etməzdən əvvəl bir daha düşünməlidir?
Məsələ ilə bağlı əmlak eksperti Anar Nəsirov SİA-ya açıqlamasında bildirib ki, bunu olduqca riskli hesab edirdilər:
"Amma sonradan gördülər ki, o qədər də riskli deyil. Nə mənada riskli deyil? Əgər mənzil qiymətləri sabit qalsa və yaxud aşağı düşsə, onda bu, riskli hesab edilə bilər. Amma hazırkı mənzil bazarının vəziyyətini nəzərə alsaq, bunu o qədər də riskli hesab etmək olmaz. İpoteka götürərkən faizlər, əlavə xərclər və digər ödənişlər olsa da, əslində, hər il əmlak bazarında qiymətlərin artması bu riski aradan qaldırır.
Məsələn, tutaq ki, siz 2020-ci ildə ev almısınız. Bir il sonra mənzil bazarında baş verən qiymət artımı həmin riski kompensasiya edir. Yəni əmlakın qiyməti yüksəldikdə, ipoteka ilə bağlı əlavə çəkilmiş xərclərin təsiri müəyyən qədər aradan qalxır.
Belə deyək, mənzilin ümumi qiyməti artdıqda, əvvəl ödənilmiş əlavə xərclər də kompensasiya olunur. Yəni mənzilin ümumi dəyəri yüksəlir. Amma əgər mənzilin dəyəri olduğu kimi qalsa və yaxud qiymətlər aşağı düşsə, bu zaman, əlbəttə ki, risk yaranır və ipoteka ilə ev alan vətəndaşa zərər vura bilər.
Düzdür, digər tərəfdən faiz dərəcələri, aylıq ödənişlər və digər xərclər vətəndaş üçün müəyyən çətinliklər yarada bilər. Sığorta, əlavə faizlər və digər ödənişlər də vətəndaşın maliyyə yükünü artırır. Amma digər tərəfdən, mənzilin ümumi qiymətinin müvafiq faizlərlə yüksəlməsi bu riski müəyyən qədər aradan qaldırır.
Bir də nəzərə alsaq ki, kirayə qiymətləri də artır, bu da ipoteka ilə ev almağın məqsədəuyğun olduğunu göstərir. Məsələn, vətəndaş 200 min manata ev alıbsa, həmin evi kirayəyə verdikdə, yerləşdiyi ərazidən, şəraitindən və digər xüsusiyyətlərindən asılı olaraq, ayda təxminən 800-1000 manata kirayə verə bilər. Bu isə illik təxminən 8-10 min manat gəlir deməkdir.
Əgər vətəndaş kirayədə yaşayırsa, kirayə qalmaqdansa, ipoteka ilə ev alması daha məqsədəuyğun hesab edilə bilər. Vətəndaş kirayədə yaşayaraq hər ay, məsələn, 500-800 manat kirayə haqqı ödəyirsə, həmin məbləği ipoteka ödənişinə yönəldərək özünə mənzil ala bilər. Bu baxımdan, həmin pulu kirayəyə deyil, ipotekaya yatırmaq daha məqsədəuyğun hesab edilə bilər.
Digər tərəfdən, nəzərə alsaq ki, neçə illərdir əmlak bazarında qiymətlər kifayət qədər yüksək səviyyədədir, ipoteka fondunun ayırdığı maksimum məbləğ isə bazar qiymətlərinə uyğun gəlmir, nəticədə bazardakı mənzil qiymətləri ilə ipoteka fondunun ayırdığı vəsait arasında böyük fərq yaranır.
Bu zaman vətəndaşların çoxu məhz həmin fərqə görə ipoteka ilə ev ala bilmir. Çünki vətəndaş həm kredit götürməli, həm də aradakı fərqin bir hissəsini öz vəsaiti hesabına ödəməlidir. Çatışmayan məbləği isə ya bankdan əlavə kredit götürməklə, ya da digər şəxslərdən, qohumlarından və dost-tanışlarından borc almaqla təmin etməlidir. Məhz buna görə də bazar qiymətləri ilə ipoteka fondunun ayırdığı vəsait arasında böyük fərq olduğundan vətəndaşların çoxu mənzil ala bilmir.
Digər bir məsələ isə vətəndaşların əməkhaqlarının ailə büdcəsinə düşən kredit ödənişlərini qarşılamaq üçün kifayət etməməsidir. Yəni vətəndaşların əldə etdiyi əməkhaqqından evin digər xərclərini, kommunal xidmətləri və gündəlik yaşayış ehtiyaclarını çıxanda, kreditin aylıq ödənişini etmək üçün kifayət qədər vəsait qalmır.
Buna görə də mənim tövsiyəm odur ki, ipoteka kreditlərinin müddəti artırılsın. Yəni 25 il əvəzinə 30-35 il müəyyən edilsin. Bu zaman ailələrin aylıq ödənişləri azalacaq və daha çox vətəndaş ipoteka kreditlərindən yararlana biləcək. Xüsusilə orta və aşağı gəlirli vətəndaşlar bu imkanlardan daha rahat istifadə edə biləcəklər. Hazırkı vəziyyətdə isə məhz bu kateqoriyaya aid olan vətəndaşlar ipoteka kreditlərindən lazımi səviyyədə yararlana bilmirlər.
Çünki aylıq kredit ödənişləri yüksəkdir. Bundan əlavə, mənzilin bazar qiyməti ilə ipoteka fondunun ayırdığı vəsait arasında yaranan fərqi də vətəndaş özü ödəməli olur. Yəni bazardakı əmlak qiymətləri ilə ipoteka fondunun ayırdığı vəsait arasında ciddi fərq var. Hazırda bazarda mənzillər bahadır, amma ipoteka fondunun ayırdığı məbləğ həmin mənzili almaq üçün kifayət etmir.
Ona görə də vətəndaş ipoteka fondunun ayırdığı vəsaitdən əlavə olaraq borc götürməli, çatışmayan məbləği tamamlamalı və yalnız bundan sonra mənzil ala bilməlidir. Bunun həlli yolu isə, xüsusilə qeyd etmək istəyirəm ki, ilk növbədə, ipoteka fondunun ayırdığı maksimum məbləğin artırılması və bazar qiymətlərinə uyğunlaşdırılmasıdır. Digər tərəfdən, ipoteka kreditlərinin müddəti 25 il əvəzinə, məsələn, 30-35 il müəyyən edilməlidir ki, vətəndaşlar aylıq ödənişləri daha rahat şəkildə edə bilsinlər.
Beləliklə, vətəndaşlar üçün əlavə maliyyə çətinlikləri yaranmaz. Bu nöqteyi-nəzərdən düşünürəm ki, əgər bu istiqamətdə addımlar atılarsa, ipoteka ilə mənzil alanların sayı daha da artar. Xüsusilə qeyd etmək istəyirəm ki, həm ipoteka müddətinin uzadılması, həm ipoteka üzrə maksimum məbləğin bazar qiymətlərinə uyğunlaşdırılması, həm də aylıq ödənişlərin azaldılması orta və nisbətən aşağı gəlirli vətəndaşların ipoteka ilə mənzil almağa marağını artıracaq. Eyni zamanda, onlar üçün aylıq ödənişlər də o qədər yüksək olmayacaq".
Bakivaxti.az+1 mənbə