İnternet provayderlərinə yeni tələblər: Uçot qaydaları dəyişdirildi


Ana SəhifəIKTİnternet provayderlərinə yeni tələblər: Uçot qaydaları dəyişdirildi
IKT17.11.2026 16:15
423
Fins.az – Azərbaycanda internet telekommunikasiya xidməti göstərən operator və provayderlərin uçota alınması qaydaları dəyişdirilib. Yeni tələblərə əsasən, şirkətlər uçota alınmaq üçün şəbəkə infrastrukturu, abunəçi tutumu və xidmət keyfiyyətinə nəzarət sistemi barədə əlavə məlumat və sənədlər təqdim etməlidirlər.
Dəyişikliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 noyabr 2026-cı il tarixli 382 nömrəli Qərarı ilə “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”na edilib.
İnternet provayderlərindən hansı məlumatlar tələb olunacaq?
Yeni qaydalara əsasən, uçota alınmaq üçün müraciət edən operator və provayderlər ərizəyə bir sıra əlavə məlumat və sənədlər daxil etməlidirlər.
Bunlara aşağıdakılar daxildir:
Telekommunikasiya şəbəkəsində istismar olunan vasitələr barədə məlumatlar;
Şəbəkənin strukturu;
Abunəçi tutumunun həddi;
Şəbəkənin istismara verilməsi mərhələləri;
Telekommunikasiya şəbəkəsinin vektor xəritəsi;
İnternet xidmətinin keyfiyyətinə və dayanıqlılığına nəzarət sisteminin mövcudluğunu təsdiqləyən sənədlərin surəti;
Xidmət göstərilən istifadəçi kateqoriyası;
Xidmətin topdan, pərakəndə və ya yenidən satış formasında təqdim edilməsi barədə məlumatlar.
Provayderlər barədə məlumatlar ictimaiyyətə açıqlanacaq
Dəyişikliklərlə uçota alınmış operator və provayderlər barədə ictimaiyyətə təqdim edilən məlumatların dairəsi də genişləndirilib.
Belə ki, digər məlumatlarla yanaşı, operator və provayderlərin fəaliyyətinin əhatə dairəsi, hüquqi və fəaliyyət ünvanı, internet informasiya ehtiyatı, fəaliyyət növü, telefon nömrəsi, elektron poçt ünvanı və müqavilə nümunəsi də ictimaiyyət üçün əlçatan olacaq.
Məqsəd internet xidmətlərinin keyfiyyətinə nəzarəti gücləndirməkdir
Yeni yanaşma İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) internet xidmətləri bazarındakı faktiki vəziyyəti daha dəqiq qiymətləndirmək imkanı verəcək.
Bununla yanaşı, xidmət əhatəsinin və şəbəkə infrastrukturunun inkişafını məlumatlar əsasında izləmək, keyfiyyət və dayanıqlılıq göstəriciləri üzrə monitorinq imkanlarını gücləndirmək nəzərdə tutulur.
Nəticədə internet xidmətlərinin keyfiyyətinə daha sistemli nəzarət üçün əlavə imkanların formalaşdırılması hədəflənir.
MüəllifHəmayil
Yüklənir...