İnfrastrukturun təhlükəsizliyi üzrə qaydalar hazırlanarkən bunlara diqqət edilməlidir - *RƏY*


Milli Məclisin sədr müavini Ziyafət Əsgərov Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda bildirib ki, cari ildə qəbul və təsdiq edilmiş qanunvericilik dəyişiklikləri kibertəhlükəsizlik, informasiya infrastrukturu, kibergigiyena və insidentlərə qarşı mübarizə mərkəzləri kimi anlayışları müəyyən edərək hüquqi əsaslar yaradıb, həmçinin dövlət orqanları və ictimai əhəmiyyətli infrastrukturun təhlükəsizliyi üzrə qayda və tələblərin hazırlanmasını nəzərdə tutur.
Bəs sözügedən istiqamətdə hansı real tədbirlər faydalı nəticələr verə bilər?
Mövzu ilə bağlı Plat.az-a açıqlamasında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departament rəhbəri Fərid Musayev bildirib ki, 10 avqust 2026-cı il dəyişiklikləri düzgün istiqamətdədir:
"Kibertəhlükəsizlik, kibergigiyena, CERT/SOC, rəqəmsal dəlil və proaktiv tədqiqat anlayışları hüquqi təsbit alıb, Milli və Dövlət CERT institusionallaşıb. Amma bu, nəticə deyil, nəticə üçün şərtdir. Proaktiv tədqiqat (pen test/bug bounty) və rəqəmsal dəlilin hüquqi əsası — bunlar praktikada ən çox çatışmayan elementlər idi".
Ekspert risklərdən də danışıb:
"Əsas risklər ikibaşlılıq — Milli CERT (Agentlik) və Dövlət CERT (SCIS) arasında sərhədin dəqiq olmamasıdır. Müəyyən insident zamanı "kim qərar verir" sualı RACI səviyyəsində həll olunmalıdır. "Ümumi və xüsusi tələblər" ölçülə bilən bazil xətlərə (MFA, patch, backup testi, log, seqmentasiya) çevrilməsə, audit formal olacaq.
"No-blame" prinsipi olmasa, insidentlər gizlədiləcək və Milli CERT məlumatsız qalacaq. SOC bazarı və kadrlara gəlincə, reyestr texniki meyarlarla qorunmasa "kağız SOC-lar" çoxalar. Həmçinin 24/7 SOC-ları işlədəcək analitik yoxdur.
Ən vacib 3 addım odur ki, insident eskalasiyası üzrə RACI matrisi, sektorlar üzrə minimal texniki tələblər toplusu, dövlət satınalmalarında kibertəhlükəsizlik tələbləri məcburi edilməlidir. Növbəti 12 ayda aşkarlanan və vaxtında bildirilən insidentlərin sayı artmalıdır. Artırsa qanun işləyir, sıfıra yaxın qalırsa, bu o deməkdir ki, qərarlar hələ kağız üzərindədir".
1 mənbə
