İnformatika buraxılış fənləri sırasına daxil edilməlidir - Müəllim


“İnformatika yalnız qəbul imtahanı ilə məhdudlaşmamalıdır”.
AzEdu.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Təhsil İnstitutunun keçirdiyi “Fənn kurikulumlarının təkmilləşdirilməsinə dair maarifləndirmə tədbirləri” adlı müzakirədə 95 nömrəli məktəbin informatika və rəqəmsal bacarıqlar müəllimi, sertifikatlaşdırma imtahanında 56 bal toplamış Tünzalə Nəbiyeva bildirib.
“İnformatika fənni 2023-cü ildən qəbul proqramına daxil edilib. Birinci qrupun Rİ altqrupu üzrə imtahan verən şagirdlər informatikadan da imtahan verirlər. Bu fənn üzrə maksimum bal 100-dür və həmin istiqamət doqquz ixtisası əhatə edir. İnformatikanın qəbul fənləri sırasına salınması uzun illərin zəhmətinin nəticəsi və böyük nailiyyətdir. Bununla belə, son dövrlərdə fənnin həyatımızdakı rolu fərqli mərhələyə keçib.
Kiçikyaşlı, orta yaşlı və 11-ci sinif şagirdlərinin istər süni intellekt, istərsə də proqramlaşdırma sahəsində öyrəndiklərini həyatda tətbiq etmələri gündəlik həyat tərzimizə birbaşa təsir göstərir. Bacarıqların formalaşması kiçik yaşlardan başlayır. Fikrimcə, informatika buraxılış imtahanında yer almalıdır.
Son vaxtlar şagirdlərin informatikaya, xüsusilə proqramlaşdırma və süni intellekt sahələrinə marağı kifayət qədər yüksəkdir. Bunu Rİ altqrupunu seçən şagirdlərin sayı və həmin ixtisasların cəlbediciliyi də təsdiqləyir. Bu ixtisas qrupu üzrə seçim edən şagirdlər riyaziyyatı yaxşı bilməlidirlər.
Riyaziyyat elmlərin şahıdır. İnformatika sahəsində çalışmaq və yüksək nəticə əldə etmək üçün riyazi bacarıqlarla yanaşı, məntiqi təfəkkür də vacibdir. Məntiqi təfəkkürü olmayan şagirdin informatika və digər sahələr üzrə bacarıqlara dərindən yiyələnməsi mümkün deyil”.
Modern.az+2 mənbə