İncə bel, yoxsa daha dolğun bədən?

2 dəq oxu
Xəbər
Qadın bədəninin daha az nəzərə çarpan əyrilərinə və omba ilə müqayisədə daha dar belə üstünlük verilməsi jurnalların, kinonun və sosial şəbəkələrin meydana çıxmasından xeyli əvvəl formalaşıb.
Publika.az xəbər verir ki, bu qənaətə "Proceedings of the Royal Society B: Biological Sciences" elmi jurnalında dərc olunan tədqiqatın müəllifləri gəliblər. Onlar 1650-1950-ci illər arasında çəkilmiş imkanlı qadınların 600-dən çox portretini təhlil ediblər.
Tədqiqatı Britaniyanın Nortumbriya Universitetindən Janna Boveinin rəhbərlik etdiyi alimlər qrupu aparıb. Ümumilikdə 1500-dən çox iştirakçı 486 rəsm əsərində təsvir olunan qadınları qiymətləndirib. İştirakçıların bir qismi qadınların bədən quruluşunun xüsusiyyətlərini müəyyənləşdirib, digərləri onların cəlbediciliyini qiymətləndirərək əvvəllər doğuş edib-etmədiklərini təxmin edib, üçüncü qrup isə üz cizgilərinə əsasən yaşlarını müəyyənləşdirib.
Bədən quruluşunun xüsusiyyətlərini müəyyən etmək üçün iştirakçılar təsvirləri çəki və bel-omba nisbətinə görə fərqlənən doqquz siluetlə müqayisə edərək ən uyğun variantı seçiblər. Daha sonra tədqiqatçılar təsvir olunan qadınların ehtimal olunan yaş və çəkilərini nəzərə almaqla qiymətləndirmələrin üç əsr ərzində necə dəyişdiyini izləyiblər.
Nəticələr göstərib ki, daha sonrakı dövrlərə aid portretlərdə qadınlar daha az nəzərə çarpan bədən əyriləri və bel-omba nisbəti arasındakı daha az ifadəli fərqlə təsvir olunublar. Alimlər qadınların yaşını və ehtimal olunan çəkisini nəzərə aldıqdan sonra da bu tendensiya dəyişməyib.
Eyni zamanda, iştirakçılar sonrakı dövrlərə aid portretlərdəki qadın bədənlərini daha az cəlbedici hesab ediblər. Lakin bu, əsasən, portretlərdəki qadınların daha yaşlı görünməsi ilə izah olunub. Alimlər araşdırılan üç əsr ərzində qavranılan çəkidə əhəmiyyətli dəyişiklik aşkar etməyiblər. Beləliklə, bədən əyrilərinin daha az nəzərə çarpması qadınların daha arıq təsvir edilməyə başlanması demək deyil.
Müəlliflər vurğulayırlar ki, tədqiqat qadınların real bədən quruluşunun zamanla necə dəyişdiyi barədə nəticə çıxarmağa imkan vermir. Alimlər məhz onların təsvirlərini araşdırıblar. Bu təsvirlərə isə geyim, poza, bədii üsullar və dövrün estetik təsəvvürləri təsir göstərə bilərdi.
“Biz geyim qatları, korsetlər və ya bədii niyyət olsun, bu təsvirlərin yaradılmasında hansı vasitələrdən istifadə edilməsindən asılı olmayaraq, müşahidəçinin aldığı mədəni mesajı müəyyənləşdirməyə çalışırıq”, - deyə tədqiqatçılar izah ediblər.
Müəlliflərin fikrincə, bu yanaşmadan estetik zövqlərdə baş verən digər tarixi dəyişikliklərin öyrənilməsində də istifadə etmək mümkündür. İncəsənət əsərlərinin təhlili müasir kütləvi informasiya vasitələri meydana çıxmazdan xeyli əvvəl cəmiyyətlərdə gözəllik və cəlbedicilik haqqında təsəvvürlərin necə dəyişdiyini kəmiyyət baxımından qiymətləndirməyə imkan verir.
Mənbə
1 mənbə



