“İkinci Yalta” oyunu? – liderlər dünyanı bölə biləcəkmi…


120 18.11.2026 14:01 Dünya A A
“Rusiyalı ekspertlər üç liderin görüşünü “ikinci Yalta” kimi təqdim etməyə çalışırlar. Guya üç böyük ölkənin lideri dünyanın gələcəyini və öz aralarında oyun qaydalarını müəyyənləşdirəcəklər. Halbuki reallıq fərqlidir. Üç dövlət arasında ciddi fikir ayrılıqları ABŞ, Rusiya və Çin arasında oyun qaydalarını müəyyənləşdirməyə imkan vermir”.
Bu sözləri Musavat.com-a politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, İkinci Dünya müharibəsinin sonuna yaxın üç böyük dövlətin – ABŞ, Böyük Britaniya və keçmiş SSRİ liderləri Yaltada ona görə razılaşma əldə etdilər ki, birincisi, hər üçü nasist Almaniyasına qarşı müharibədə ittifaq yaratmışdılar, ikincisi, dağılan Avropanın gələcəyini müəyyənləşdirməli idilər: “1945-ci ildə Yaltada keçirilən konfransdan fərqli olaraq, hazırda ABŞ, Rusiya və Çin arasında ittifaq yoxdur. Üstəlik, bu dövlətlər illərdir öz aralarında oyun qaydalarını müəyyənləşdirə bilmirlər. Bir görüşlə oyun qaydalarını müəyyənləşdirmək mümkün deyil”.
Elxan Şahinoğlunun fikrincə, görüşdə razılıq əldə edilməsinin çətinliklərindən biri də hər üç dövlətin daxil problemlərlə üzləşməsidir: “ABŞ-da ara seçkilərin nəticələrinə görə, Trampın mövqeyi zəifləyib, onun xarici siyasətdə əvvəlki manevr imkanları qalmayıb. Görüş ərəfəsində Ukraynanın Krım körpüsünə endirdiyi dron və raket zərbəsi Putinin ölkədaxili nüfuzuna xələl gətirib. Çünki Krım körpüsü Putinin şəxsi layihəsidir və Kreml belə bir təbliğat aparırdı ki, Ukrayna körpüyə zərər yetirə bilməz. Çində də daxili vəziyyət birmənalı deyil. Si Cinpin korrupsiya ilə mübarizə adı altında partiyadakı rəqiblərinin bir hissəsini və yüksək rütbəli generalları neytrallaşdırıb. Onların bəziləri həbs edilib, digərləri isə istefaya göndərilib. Böyük ehtimalla, Si Cinpin Kommunist Partiyasının növbəti qurultayında yenidən sədr seçiləcək. Ancaq onun bu kürsüdə qalma müddətini uzatmağa çalışması partiyada yeni rəqiblərinin meydana çıxmasına şərait yaradacaq”.
Politoloq İran məsələsinə də toxunaraq bildirib ki, ortaq razılaşma əldə edilməsi çətin görünür. Həmçinin, Ukrayna böhranı ilə bağlı anlaşma da inandırıcı deyil.
Xatırladaq ki, görüş sabah Çinin Şençjen şəhərində baş tutacaq. Şəhər Quandun əyalətinin əsas şəhəridir. Şəhər Honq Konq xüsusi inzibati bölgəsindən şimalda yerləşir. 2010-cu ildə şəhər əhalisinin siyahıya alınması nəticəsinə əsasən əhalinin sayı on milyon nəfəri keçib.
Xalidə GərayMusavat.com