İkinci əl avtomobil satışında ƏDV yalnız marjadan hesablanacaq


müəllif EditorNoyabr 18, 2026Noyabr 18, 2026016
Milli Məclis Vergi Məcəlləsinə dəyişiklik layihəsini ilk oxunuşda qəbul edib. Sənədə görə, rəsmi dilerlər istehsal tarixi 5 ildən artıq olmayan ikinci əl avtomobilləri yalnız nağdsız qaydada satarkən ƏDV 3 il müddətinə ticarət əlavəsindən hesablanacaq.
Dəyişiklik layihəsi parlamentin iclasında müzakirəyə çıxarılıb və səsə qoyularaq ilk oxunuşda qəbul edilib. Təklifin əsas hədəfi istehsal tarixi 5 ildən artıq olmayan, rəsmi diler şəbəkələri vasitəsilə yalnız nağdsız formada satılan ikinci əl avtomobillərdir.
Hazırkı qaydada rəsmi dilerlərin daxili siyasətinə uyğun olaraq belə avtomobillərin satışı komisyon ticarəti kimi deyil, avtomobilin diler tərəfindən yenidən alınıb sonra müştəriyə satılması formasında rəsmiləşdirilir. Bunun nəticəsində ƏDV avtomobilin tam dəyərindən, yəni təkcə dilerin əldə etdiyi ticarət əlavəsindən deyil, ümumi qiymətdən hesablanır.
Rəsmi diler şəbəkələri ilə aparılan görüşlərdə bu yanaşmanın vergi yükünü artırdığı diqqətə çatdırılıb. Bildirilib ki, oxşar iqtisadi mahiyyətə malik komisyon ticarəti ilə müqayisədə dilerlər daha ağır vergi öhdəliyi ilə üzləşir, bu da ikinci əl avtomobil bazarında qiymətlərin qalxmasına, rəsmi satış kanallarının rəqabət qabiliyyətinin zəifləməsinə və qeyri-rəsmi dövriyyənin güclənməsinə təkan verir.
Bu səbəbdən təklif olunur ki, sözügedən avtomobillərin rəsmi dilerlər tərəfindən alqı-satqısı zamanı ƏDV yalnız ticarət əlavəsindən (marjadan) hesablansın. Qeyd olunur ki, bu addım vergitutmanın iqtisadi mahiyyətinə uyğun gəlməklə yanaşı, rəsmi bazarın şəffaflaşmasına və orta-uzunmüddətli perspektivdə vergi daxilolmalarının artmasına xidmət edəcək.