IEA: İran müharibəsi dünya enerji sistemini birdəfəlik dəyişə bilər


Yaxın Şərqdəki müharibənin qlobal enerji bazarına təsirləri uzun müddət davam edə bilər. Beynəlxalq Enerji Agentliyi hesab edir ki, yaranmış təchizat böhranı ölkələrin enerji strategiyalarında köklü dəyişikliklərə səbəb olacaq.
Plat.az-ın Associated Press-ə istinadən xəbər verir ki, Beynəlxalq Enerji Agentliyi İran müharibəsinin tarixdə ən böyük enerji şoklarından birini yaratdığını və əvvəlki enerji sisteminə qayıdışın real görünmədiyini bildirib. Hörmüz boğazında gəmiçilik və neft daşımalarının məhdudlaşması ölkələri alternativ təchizat marşrutları axtarmağa vadar edir. Agentliyin qiymətləndirməsinə görə, müharibədən əvvəl gündəlik təxminən 20 milyon barel olan boğazdan neft axını 2030-cu ildə 8,5 milyon barelə, 2035-ci ildə isə 2 milyon bareldən aşağı səviyyəyə düşə bilər. Bu şəraitdə günəş və digər bərpaolunan enerji mənbələrinə, eləcə də nüvə enerjisinə investisiyaların artacağı gözlənilir. Ölkələr enerji təhlükəsizliyini təmin etmək üçün daxili istehsal imkanlarını genişləndirməyə çalışırlar. Agentlik həmçinin elektrik enerjisinə tələbatın artmasının gələcək enerji siyasətində əsas amillərdən birinə çevriləcəyini vurğulayır.