“İdeal Kredit” BOKT illik 15%-lə 5 milyon manatlıq istiqraz buraxır


“İdeal Kredit” Bank Olmayan Kredit Təşkilatı (BOKT) 5 milyon manat həcmində istiqraz emissiyası həyata keçirməyi planlaşdırır. Banker.az xəbər verir ki, emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan 50 min ədəd təminatsız, faizli, sənədsiz adlı istiqraz buraxılacaq. İstiqrazların illik faiz dərəcəsi 15%, tədavül müddəti isə 5 ildir. Faiz ödənişləri hər üç aydan bir həyata keçiriləcək və bir istiqraz üzrə rüblük kupon gəliri 3,75 manat təşkil edəcək. İstiqrazlar “Bakı Fond Birjası” QSC-də kütləvi təklif üsulu ilə yerləşdiriləcək.
Emissiyadan əldə ediləcək vəsait əsasən “İdeal Kredit” BOKT-un kredit portfelinin genişləndirilməsinə yönəldiləcək. Şirkət cəlb ediləcək maliyyə resursları hesabına kreditləşmə fəaliyyətini artırmağı və mənfəət əldə etməyi nəzərdə tutur. Emissiya prospektində vəsaitin başqa məqsədlər üçün istifadəsi göstərilməyib.
“İdeal Kredit” BOKT 2003-cü ildən fəaliyyət göstərir. Təşkilat fiziki şəxslərə, fərdi sahibkarlara və hüquqi şəxslərə təminatlı və təminatsız kreditlər verir. Əsas məhsulları qızıl və daşınmaz əmlak girovlu kreditlər, avtomobil kreditləri, nağd pul və biznes kreditləri, eləcə də lizinq xidmətləridir. Şirkət Bakı ilə yanaşı Sumqayıt və Naxçıvanda da fəaliyyət göstərir. Kredit portfeli 2026-cı ilin iyunun sonuna illik müqayisədə 47,3% artaraq 30,63 milyon manata çatıb.
“İdeal Kredit” BOKT-un nizamnamə kapitalı 646,7 min manatdır və iki iştirakçı arasında bərabər bölünüb. Şirkətin kapitalının 50%-i Eldar Əvəz oğlu Hüseynova, digər 50%-i isə Qubad Baxas oğlu Qubadova məxsusdur. Hər iki iştirakçının payının nominal dəyəri 323,35 min manat təşkil edir. Qubad Qubadov eyni zamanda şirkətin direktorudur.
“İdeal Kredit” BOKT 2026-cı ilin ilk yarısını 1,88 milyon manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 117,5% çoxdur. Faiz gəlirləri 6,5% artaraq 4,04 milyon manata yüksəlib. İyunun sonuna aktivlər illik müqayisədə 42% artaraq 31,06 milyon manat, öhdəliklər 37,5% artaraq 18,83 milyon manat, ümumi kapital isə 49,6% artaraq 12,23 milyon manat təşkil edib.
Dərc vaxtına görə