Hesabatlılıq və şəffaflıq prinsiplərinin tətbiqinə dair təlim


Bakı, 18 noyabr, AZƏRTAC
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin bir qrup əməkdaşı üçün hesabatlılıq və şəffaflığa dair növbəti təlim keçirilib. Tədbir “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində təşkil edilib. Təlimdə hesabatlılıq və şəffaflıq prinsiplərinin tətbiqi, onların hüquqi əsasları əsas müzakirə mövzusu olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov hesabatlılıq və şəffaflığın effektiv idarəetmə üçün vacib amillərdən olduğunu vurğulayıb. Bu, aparılan islahatların nəticələrinə müsbət təsir göstərir. Şəffaf idarəetmənin təşviqi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyətində də prioritet təşkil edir.
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev hüquqpozmalara qarşı mübarizə üzrə strateji sənədlər və fəaliyyət planlarının qəbul edildiyini diqqətə çatdırıb. O, qanunvericilikdə nəzərdə tutulan tələblər, mümkün hüquqpozma hallarının qarşısının alınması üçün tətbiq edilən qabaqlayıcı tədbirlər barədə danışıb.
“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli mövzu ilə bağlı real təcrübəyə əsaslanan nümunələr təqdim edib. Hesabatlılıq və şəffaflığın təşkilatların fəaliyyətində etimadın formalaşması, məsuliyyətin artırılması və səmərəli idarəetmə baxımından əhəmiyyətini izah edib.
Sonra iştirakçıların sualları dinlənilib və onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.
Təlim qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq proqramı çərçivəsində reallaşdırılıb.