Hazırda Azərbaycanda 200–300 arası Britaniya şirkəti fəaliyyət göstərir - Səfir


Ana SəhifəBİZNESHazırda Azərbaycanda 200–300 arası Britaniya şirkəti fəaliyyət göstərir - Səfir
BİZNES18.11.2026 12:00
242
Böyük Britaniya Azərbaycana ən böyük xarici investor ölkə olaraq qalır. Hazırda Azərbaycanda 200–300 arası Britaniya şirkəti fəaliyyət göstərir. Britaniya şirkətləri neft-qaz sektoru ilə yanaşı, təmiz enerji, rəqəmsal infrastruktur, məlumat mərkəzləri və yüksək texnologiyalar sahələrində də investisiya imkanlarını nəzərdən keçirirlər.
Fins.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman noyabrın 17-də Bakıda keçirilən mətbuat konfransında bildirib.
Səfirin sözlərinə görə, Britaniyanın Azərbaycana investisiyaları tarixən əsasən energetika sektoruna yönəlib. Bununla belə, son illərdə iki ölkə arasında iqtisadi əməkdaşlığın istiqamətləri genişlənərək müxtəlif sahələri əhatə etməyə başlayıb.
“Böyük Britaniya Azərbaycana ən böyük xarici investor ölkədir və xatırladığım qədər, uzun illərdir bu mövqeyini qoruyub saxlayır. Gələcəkdə də belə olacaq. Hər şey energetika sektorundan başladı, lakin zaman keçdikcə fəaliyyət sahələrimizi şaxələndirdik və gələcəkdə də bunu davam etdirəcəyik”, – deyə Norman qeyd edib.
Britaniya şirkətləri yüksək texnologiyalara maraq göstərir
Diplomat vurğulayıb ki, Britaniya şirkətlərinin maraqları artıq ənənəvi neft-qaz layihələri ilə məhdudlaşmır. Təmiz enerji, enerji sistemləri arasında bağlantılar, məlumat mərkəzləri və digər yüksək texnologiyalı sahələr də investisiya gündəliyində yer alır.
“Şaxələndirmə vacibdir. Yüksək texnologiyalar sahəsində də geniş investisiya imkanlarını nəzərdən keçiririk. Ümid edirəm ki, yaxın həftələrdə bununla bağlı bəzi açıqlamalar verə biləcəyik”, – deyə səfir bildirib.
Onun sözlərinə görə, Britaniya şirkətləri Azərbaycanda infrastruktur layihələrində iştirak edir, eyni zamanda istehlak malları bazarında da təmsil olunurlar.
Norman hazırda Azərbaycanda 200–300 arası Britaniya şirkətinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
“Azərbaycana ən böyük xarici investor olmaqdan qürur duyuruq. Bəli, bu investisiyaların əsasını energetika təşkil edib, lakin zaman keçdikcə onlar getdikcə daha çox şaxələnir. Bununla belə, energetika, o cümlədən hazırda yaşıl enerji də mühüm yer tutmaqda davam edəcək”, – deyə diplomat əlavə edib.
MüəllifFuad
Yüklənir...
1 mənbə
Report+2 mənbə